Şəkinin yol tikintisinə 1,5 milyon manat ayırılıb
Prezident İlham Əliyev Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.
1news.az