Mingəçevir İcra Hakimiyyəti Meydan.tv-nin yaydığı binanın şəkli ilə bağlı açıqlama verib – FOTO
Müxalifət KİV-i Mingəçevir şəhərində təmir edilən binalardan biri ilə bağlı məlumatı təhrif edib.
Xatırladaq ki, dünən bir sıra KİV-də, eləcə də Meydan.tv-nin saytında xüsusi örtüklə örtülmüş binanın fotoları yayılıb. KİV bunu dövlət başçısının şəhərə səfər zamanı eybəcərlikləri gizlətmək məqsədilə edilməsi kimi qələmə veriblər.
1news.az-ın araşdırmalarına görə, həqiqətdə isə bina baxımsız deyil. Belə ki, Heydər Əliyev prospektində yerləşən binanın qarşısında əvvəllər Pedaqoji Universitetin Mingəçevir filialının yataqxanası yerləşib.
“Son zamanlar yataqxanada məcburi köçkün ailələri yaşayıb. Bir neçə ay öncə onlara yeni evlər verilib. Eyni zamanda Pedaqoji Universitetin Mingəçevir filialı ləğv edilib. Bina isə Mingəçevir Dövlət Universitetinə verilib”, - bu haqda Mingəçevir Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, bu binanın tam təmir olunmasından sonra tələbələr üçün yataqxana kimi istifadə olunmasına qərar verilib.
Bununla əlaqədar olaraq bir neçə gün əvvəl fasad üçün örtük tətbiq edilib. Bu, estetik baxımdan səliqəli olmaqla yanaşı, eyni zamanda ətrafdakıların təhlükəsizliyinin təmin edilməsi üçündür.
“Bunu etmişik ki, yoldan keçənlərə köhnə binanın toz-torpağı düşməsin. Həmçinin yataqxananın ərazisinin genişlndirilməsilə bağlı planımız da var”, - şəhərin icra orqanları bir daha qeyd edir ki, fasad örtüyünün dizaynı məhz estetik baxımdan seçilib, binanın baxımsızlığını gizlətmək məqsədilə deyil.
1news.az