Həyatımın üç gözəl günü Nabranda – FOTO
“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi 26-29 avqust tarixlərində qaçqın, məcburi köçkün və sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclər üçün Nabran turu təşkil edib.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan ”İrəliyə doğru bir addım” adlı layihə çərçivəsində gerçəkləşdirilən tur zamanı 25-dən artıq qaçqın, məcburi köçkün, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili təmin olunub.
“Həyatımın üç gözəl günü” adlı üç günlük tur çərçivəsində onlara ilkin kompüter bacarıqları öyrədilib. Həmçinin psixoloqun iştirakı ilə onlarla söhbətlər aparılıb. Bununla yanaşı layihə iştirakçılarından olan bir neçə valideynlə psxiloji təlimatlandırma aparılıb, intellektual yarışmalar, müsiqili-əyləncəli oyunlar keçirilib.
Qeyd edək ki, avqustun 1-dən noyabrın 1-nə qədər davam edəcək layihənin məqsədi qaçqın, məcburi köçkün,sağlamlıq, imkanları məhdud uşaq,yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Həmçinin qeyd olunub ki, layihənin digər məqsədi onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir.
1news.az