Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” layihəsinə start verilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” layihəsinə start verilib - FOTO

10:01 - 05 / 09 / 2016
Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” layihəsinə start verilib - FOTO

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun və bu ölkədəki Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” adlı layihəyə start verilib.

Bu haqda 1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan xəbər verilib.

Layihə çərçivəsində, müntəzəm şəkildə Azərbaycan kino sənətinin nümunələrinin Los Ancelesdə nümayişi planlaşdırılır. Bu səpkidə ilk nümayiş sentyabrın 2-də keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilmiş, bir neçə beynəlxalq mükafata layiq görülmüş “40-cı qapı” filmi nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edərək, ölkəmizin xarici ölkələrdə təbliğində Azərbaycan kinematoqrafiyasının daim xüsusi rol oynadığını diqqətə çatıdırıb. N.Ağayev qeyd edib ki, məhz bu baxımdan Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə Baş Konsulluq dəstəyini davam etdirəcəkdir.

Daha sonra Los Ancelesdəki Azərbaycan icması fəallarından Kimiya Məmmədova çıxış edib. O, göstərilən dəstəyə görə, icma adından Baş Konsulluğa təşəkkürünü ifadə edərək, gələcəkdə bu layihənin daha da inkişaf etdirilməsinə çalışacaqlarını bildirib. K.Rüstəmova qeyd edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd milli kinematoqrafiyamızın klassik və yeni nümunələri barədə təbliğatın aparılmasıdır. İcma fəalı “40-cı qapı” filmi barədə qısa məlumat verərək, qonaqları bu maraqlı ekran əsərinə tamaşa etməyə dəvət edib.

İngilis dilində subtitrlərlə göstərilən film sürəkli alqışlarla qarşılanıb.

1news.az

Paylaş:
1014

Son xəbərlər

Bütün xəbərlər