2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək
Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin.
2. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
1news.az