İlham Əliyev iki həmkarını təbrik etdi
Prezident İlham Əliyev Koreya və Tacikistan liderlərinə təbrik məktubu göndərib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina göndərilən məktubda deyilir:
“Zati-aliləri,
Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona göndərilən məktubda isə bunlar qeyd olunub:
“Hörmətli Emoməli Şərifoviç,
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Tacikistan xalqını ürəkdən təbrik edirəm.
Azərbaycanı və Tacikistanı sıx dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağlayır. Əminəm ki, çoxəsrlik mehribanlıq ənənələrinə əsaslanan ikitərəfli münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.
Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzu edirəm”.
1news.az