Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradıldı - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsis yığıncağını keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələləri dialoq yolu ilə həll etmək mümkündür: “Platforma informasiya əldə etmək, fiksal şəffaflıq ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökümətin apardığı islahatlar üzrə tövsiyələr vermək, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək”.
A.Quliyev deyib ki, Platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri Platformanın reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti Platformanın koordinatoru tərəfindən əlaqələndiriləcək: “Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin tədbirdə iştirak edir və parlamenti təmsil edir. Bu, Milli Məclisin Platormanın yaradılmasında maraqlı olduğunu göstərir”.
Şura sədri Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə milli əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynovun da təsis yığıncağında yer aldığını vurğulayıb: “Açıq hökumətdənn danışırıqsa, “ASAN Xidmət”i kənara qoya bilmərik. Eyni zamanda Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş İdarə, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyinin nümayəndələri də tədbirdə təmsil olunurlar. Bu qurumlar bundan sonra tərəfdaş kimi Platformada iştirak edəcəklər. Biz böyük komanda ilə bu Platformanın təsisçiləri olacağıq. Bu gündən sonra QHT-hökumət əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, bu cür dialoq xüsusi əhəmiyyət kəsb edir: “Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da əksini tapıb. Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir. Bu gün tədbirdə iştirak edən nazirliklər və dövlət qurumlarının nümayəndələri rəhbərlərinin tapşırığı ilə burada iştirak edirlər. Məqsəd yeni əməkdaşlıq formatının qurulmasıdır”.
Ə.Hüseynli təəssüf hissi ilə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlıq bir qədər zəifdir: “Bugünki etimad mühitindən bir qədər səmərəli istifadə etmək lazımdır. Bu platforma ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolunu önə çəkir, işgüzar mezxanizmin qurulmasına xidmət edir. Ölkədə iqtisadi islahatlarla bağlı addımlar atılır, burada vətəndaş cəmiyyətinin rolu xüsusidir. Bir daha qeyd edirəm ki, bu işdə vətəndaş cəmiyyəti ilə dövlət qurumlarının əməkdaşlığı zəifdir. Əməkdaşlıq mühitini genişləndirməklə fəaliyyəti səmərəli etmək lazımdır”.
Tədbirdə çıxış edən Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Koodinatoru, millət vəkili Vüsal Hüseynov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə bağlı məlumat verib. O bildirib ki, “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” səmərəli, çevik mexanizm olacaq. V. Hüseynov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulduğunu və bu təşəbbüsün uğurla həyata keçirildiyini xatırladıb.
Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək yeni təsis edilən platforma ilə bağlı fikirlərini bildiriblər. Müzakirələrdən sonra tədbir iştirakçıları Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandumu imzalayıblar.
Platformanın fəaliyyəti informasiya əldə etmək, fiskal şəffaflıq, ictimai təşkilatçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etməkdən ibarət olacaq.
Yığıncaqda platformanın reqlamenti də qəbul olunub. Reqlamentə əsasən, platformanın iclasları iki ayda bir dəfədən az olmamaq şərtilə Platformanın Koordinatoru tərəfindən tərəfindən çağırılır. Bundan əlavə, platformaya müraciət edən dövlət oranlarının, qeyri-hökumət təşkilatlarının müraciətləri cavablandırılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.
Platformanın koordinatoru "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev seçilib. Platforma 10 dövlət qurumu, 31 qeyri-hökumət təşkilatı tərəfindən yaradılıb.
Azvision.az