Millimizin baş məşqçisi: “Asan oyun olmayacaq”
Futzal üzrə dünya çempionatının final mərhələsində keçiriləcək Mərakeş – Azərbaycan oyunu öncəsi mətbuat konfransı keçirilib.
1news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mətbuat konfransında millimizin baş məşqçisi Milton Luis Ziller Junior fikirlərini bölüşüb:
Yaxşı hazırlıq keçdiklərini deyən baş məşqçi ilk dəfə iştirak edəcəkləri dünya çempionatına hazır olduqlarını bildirməklə yanaşı, ilk oyunda qələbə qazanmaq istədiklərini vurğulayıb.
“Mərakeş millisinin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Rəqibimiz haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadır. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilirlər. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdır”- deyə, baş məşqçi bildirib.
Qeyd edək ki, Mərakeş – Azərbaycan oyunu bu gecə Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
1news.az