Qurban Qurbanov və «Slovan»ın baş məşqçisi jurnalistlərlə görüşəcək
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Slovan” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
1news.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, ilk öncə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.
Onun mətbuat konfransı sentyabrın 14-də, saat 17:00-da “Azərsun Arena”nın mətbuat zalında baş tutacaq. “Qarabağ”ın oyunöncəsi son məşqi isə saat 17:30-da start götürəcək. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Slovan”ın son məşqi isə saat 19:00-da “Dalğa Arena”da baş tutacaq. Çexiya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-də, saat 19:00-da başlayacaq.
1news.az