“Əli və Nino” Bakı kinoteatrlarında – VİDEO
Yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsasında romantik drama janrında çəkilmiş eyniadlı ekran əsərinin treyleri yayımlanıb.
1news.az xəbər verir ki, ekran işi oktyabrın 6-dan etibarən Bakı kinoteatrlarında nümayiş olunacaq.
"Əli və Nino" - inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı təsvir olunur.
Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşirlə Nino Kipianinin məhəbbəti göstərilir.
“Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Oskar” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Çəkilişlər Bakıda, Qobustanda, Xınalıqda və başqa ərazilərdə aparılıb.
Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, xalq artisti Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.
Qeyd edək ki, film ilk dəfə ABŞ-ın “Sundance” beynəlxalq film festivalında nümayiş olunub.
1news.az