“Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
Sentyabrın 29-u bütün dünyada Dünya Ürək Günü kimi qeyd ediləcək. Bu günlə əlaqədar olaraq Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ölkəmizdə bir sıra tədbirlər həyata keçirir.
1news.az-ın verdiyi xəbərə görə, 29 sentyabrda “Park Bulvar”, 30 sentyabrda “Metropark” AVM-də “Sağlam Ürək Həftəsi” çərçivəsində aksiyalar keçiriləcək. Aksiyalar zamanı “Dünya Ürək Günü”nün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vasib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək.
Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək. Konfrans Park İnn otelində baş tutacaq və saat 12:00-da başlayacaq.
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcək.
“Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edəcək. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və qonaq kolleqalarımızla müzakirə edəcəyik. Bu sahədə ən yeni trendlərin müzakirəsinin konfransda iştirak edəcək həm paytaxt Bakıda, həm də regionlarda fəaliyyət göstərən həkim kolleqalarımıza faydalı olacağını düşünürəm.”
Dünya Ürək Günü ilə əlaqədar “Sağlam Ürək Həftəsi” elan edildiyini bildirən AÜDCC sədri əhalini keçiriləcək aksiyalara dəvət etdi:
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının təşkil etdiyi “Dünya Ürək Günü”nü ölkəmizdə də yüksək səviyyədə qeyd edir. Bu il də AÜDCC tərəfindən bir sıra silsilə tədbirlər keçirilir. Bildiyiniz kimi, Cəmiyyətimiz tərəfindən sentyabrın son həftəsi “Sağlam Ürək Həftəsi” elan edilib. Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici kitabça Azərbaycan dilinə tərcümə edilib, şəhərin müxtəlif bölgələrində, xəstəxana və poliklinikalarına paylanılır. Sentyabrın 29-da və 30-da Park Bulvar və Metropark AVM-lərdə keçiriləcək aksiyalara vətəndaşların böyük marağı olacağını düşünürük və fürsətdən istifadə edərək bütün insanları aksiyalarda yaxından iştirak etməyə dəvət edirik.”
Ürək sağlamlığının qorunmasında ilk növbədə insanların özlərinin məsuliyyət daşıdığını bildirən Dr. Kamran Musayev onları aktiv həyat sürməyə səslədi:
“Sağlam ürək sağlam həyat deməkdir. Sağlam həyat yaşamaq istəyiriksə ilk növbədə ürəyimizin sağlamlığının qeydinə qalmalıyıq. Bunun üçün isə aktiv həyat tərzində yaşamaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq vacibdir”.
1news.az