1 oktyabr - Beynəlxalq Ahıllar günüdür
Bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1104 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısı olan ahıl vətəndaş minik avtomobili, həmin təbəqədən olan 117 nəfər şəxs isə mənzillə təmin edilib.
1news.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Hazırda Nazirliyin sosial işçiləri tərəfindən respublika üzrə 11,9 min nəfərdən çox tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Onlardan 9555 nəfərini ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, digərlərini I və II qrup əlillər təşkil edir. Onlar üçün müxtəlif ictimai-iaşə, ticarət, kommunal xidmətlərlə yanaşı, hüquqi məsləhət yardımları da təşkil olunur. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də tədbirlər görülür.
Nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatı tənha ahıl insanların dövlət himayəsində yaşadığı müəssisədir. Son illərdə pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Pansionatda ahıl insanların hərtərəfli təminatı üçün hər cür şərait yaradılıb. Onlar müəssisədə sanitariya-gigiyena tələblərinə cavab verən, zəruri mebel və avadanlıqlar ilə təchiz olunmuş yaşayış sahəsi, müəyyən edilmiş normalara və istismar müddətlərinə uyğun geyim, yataq dəstləri ilə, qida normalarına uyğun olaraq gündə 3 dəfə yeməklə təmin olunurlar.
Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd edilir.
2011-ci il 30 dekabr tarixli “Sosial xidmət haqqında” qanuna əsasən yaşı 70-ə çatmış şəxs ahıl hesab olunur. Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır.
1news.az