Tokioda “Mərkəzi Asiya və Qərbi Asiyada inklüziv inkişaf” mövzusunda konfrans keçirilib - FOTO
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının dəvəti ilə Yaponiyanın paytaxtı Tokio şəhərində səfərdə olub. O, Tokioda keçirilən "Mərkəzi Asiya və Qərbi Asiyada inklüziv inkişaf" mövzusunda konfransda iştirak edib.
1news.az-ın mərkəzdən istinadla verdiyi xəbərə görə, icraçı direktor Asiya İnkişaf Bankının İnstitutunun direktoru professor Naoyuki Yoşino ilə birlikdə "Mərkəzi və Qərbi Asiyada inkişaf və xarici şokların təsiri" mövzusunda sessiyaya rəhbərlik edib.
Konfransda Mərkəzi və Qərbi Asiya regionunda iqtisadi inkişaf aspektləri müzakirə edilib, o cümlədən, yoxsulluq və bərabərsizliyin aradan qaldırılması ilə bağlı bu regionda aparılan iqtisadi siyasət tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin iqtisadi inkişafda kiçik və orta sahibkarlığın oynadığı rol, infrastrukturun inkişafı, yeni iş yerlərinin yaradılması, xaricdən köçürmələr kimi məsələlərə toxunulub.
V.Qasımlı tədbir iştirakçılarını Azərbaycanda aparılan iqtisadi islahatlar və makroiqtisadi perspektivlər barədə məlumatlandırıb.
1news.az