Bakıda polis Dubay nömrəli “Lamborghini”ni saxladı – FOTO
Yol polisi Bakı şəhərində yarım milyonluq “Lamborghini” markalı avtomobili cərimə meydançasına saldı.
1news.az xəbər verir ki, bu barədə criminal.az saytına avtomobilin sahibi Xəyal Tağızadə məlumat verib.
X.Tağızadənin sözlərinə görə, avtomobil avqustda Dubay şəhərindən Bakıya gətirilib:
“Maşının 3 ay Bakıda Dubay nömrəsi ilə idarə olunması üçün icazəsi var. Lakin saytda yazılan yazıdan sonra yol polisi dünən maşını saxlayaraq cərimə meydançasına apardı. Mən nə məmur oğluyam, nə də “avtoş”... Niyə rahat yaşamağa qoymursunuz bizi?
Fəxr etməlisiniz ki, azərbaycanlı “Lamborghini” sürür. Mən halal pul qazanıb maşın almışam. Dəqiqləşdirmədən, yoxlamadan yazını verməklə kiməsə ziyan vurursunuz. Bir həftədən sonra maşın yenidən Dubay şəhərinə aparılacaq”.
X.Tağızadə avtomobilinin cərimə meydançasına salınmasında criminal.az-ı günahlandırıb və səbəb kimi saytda dərc olunmuş məlumatı göstərib.
Həmin yazıda qeyd olunub ki, “L 1117” Dubay nömrəli “Lamborghini” markalı avtomobil Bakıda bir neçə aydır sürülür və məmur övladlarından birinə məxsusdur.
1news.az