İlham Əliyev İstanbulda BP şirkətinin baş icraçı direktoru ilə görüşüb – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da İstanbulda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Görüşdə İstanbulda keçirilən və 60-dan çox ölkədən yüksək səviyyəli nümayəndənin qatıldığı 23-cü Dünya Enerji Konqresinin əhəmiyyəti vurğulandı. Bu mötəbər tədbirdə enerji məsələləri ilə bağlı mühüm mövzuların müzakirə ediləcəyi qeyd olundu. Azərbaycanda enerji, o cümlədən neft-qaz yataqlarının işlənilməsində yüksək texnologiyaların tətbiq olunduğu nəzərə alınaraq, bu sahədə dünya təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizin Konqresə böyük maraq göstərdiyi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uğurlu əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edildi. Birgə layihələrin uğurla icra olunduğu, “Şahdəniz” layihəsi üzrə işlərin nəzərdə tutulduğu kimi davam etdirildiyi bildirildi. Həmçinin “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında yeni layihələrlə bağlı danışıqların uğurla aparıldığı qeyd edildi.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
1news.az