Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər
İdman Balıqtutma Beynəlxalq Konfederasiyası (CİPS) bu idman növünün “Tokio-2020”nin proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, CİPS rəhbərliyi balıq tutmağın bütün dünyada populyar olması Olimpiya hərəkatının daha da universallaşdırılmasına xidmət göstərəcəyini hesab edir.
Konfederasiya heyvanlara ziyan vurmamaq üçün yarış zamanı tutulan balıqların yenidən suya atılmasını da təklif edib.
Lakin belə mübarizədə bəxt amilinin rolunu önə çəkən tənqidçilər balıq ovunun Olimpiadalara qayıdışının əleyhinədir. Üstəlik, yarışın baxımlı olmamağı da qeyd edilir.
1900-cü ildə keçirilən Olimpiya Oyunlarının proqramında qeyri-rəsmi olan balıq tutmaq yarışı da yer alıb. Altı ölkə təmsilçilərinin mübarizəsindəki qaliblərin adları isə tarixdə qalmayıb.
Qeyd edək ki, 5 yeni idman növünün – karate, beysbol, skeytbordinq, qayayadırmanma və serfinqin Tokio-2020-nin proqramına daxil ediləcəyi artıq rəsmiləşib.
1news.az