Prezident Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub – FOTO
Prezident İlham Əliyev oktyabrın 19-da Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, respublikamızda bütün sahələrin inkişafında, dövlətimizin beynəlxalq nüfuzunun artmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin zəngin irsi ölkəmizin bütün bölgələrində öyrənilir. Ümummilli Liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədi ilə Ulu Öndərin adını daşıyan muzeylər və mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Son dövrlərdə bir çox bölgələrdə bu cür mərkəz və muzeylər istifadəyə verilib. Bu baxımdan Ağstafada əsaslı şəkildə təmir edilərək yenidən qurulan Heydər Əliyev Mərkəzi də xüsusi rola malikdir.
Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır.
Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə “Saloğlu” mebel və “Akkord” tikiş fabriklərinin sərgi salonları açılıb.
Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.
1news.az