Abşeronda partlayışda xəsarət alanların vəziyyəti ağırdır – YENİLƏNİB
Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.
Bu barədə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
Şöbə müdiri bildirib ki, yaralılar hazırda reanimasiya şöbəsindədir:
"Oktyabrın 21-də səhər saat 7 radələrində Hökməli qəsəbəsindəki partlayışla bağlı 3 nəfər - 1972-ci il təvəllüdlü Müşfiq Qurbanov, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri ilə şöbəyə daxil olublar. Hazırda hər üçünün vəziyyəti ağırdır. Müşfiq Qurbanovun bədəninin 80 faizi, Şəbruz Novruzovanın bədəninin 80 faizi, Leyla Qurbanlının bədəninin isə 40 faizi yanıb. Hazırda xəstələrə lazım olan bütün tibbi yardımlar edilir".
Qeyd edək ki, ailənin 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib.
Trend
09:51
Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.
Respublika Yanıq Mərkəzindən bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
1news.az