Bakıda “Tələbə Mahnı Festivalı” keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə “Sarı Gəlin” Tələbə Mahnı Festivalı keçiriləcək.
ATGTİ-dən 1news.az-a verilən məlumata görə, festivalın keçirilməsində əsas məqsəd milli mənəvi dəyərlərimizdən olan Azərbaycan xalq mahnılarının qorunub saxlanılmasında gənclərin rolunu artırmaq, istedadlı gənclərin üzə çıxarılması və bacarıqlarının nümayişinə dəstək verməkdən ibarətdir.
Layihənin rəhbəri Günay Hüseynli bildirib ki, layihə öz məqsədlərinə çatması üçün yüksək səviyyədə təşkil olunacaq və rəngarəngliliyi ilə yadda qalacaq.
Festivala qatılan istedadlı tələbələr milli mahnılarımızı ifa edəcək, sonda isə xor şəklində “Sarı Gəlin” Azərbaycan xalq mahnısını ifa edəcəklər.
Layihə çərçivəsində keçirilən Qala konsertinin 26 noyabr tarixində saat 15:00-da Şövkət Məmmədova adına Opera Studiyasının Konsert salonunda keçirilməsi nəzərdə tutulub.
1news.az