Qadın güləşçilərimiz Ukraynada 1 qızıl və 3 bürünc medal qazanıb
Ötən həftə Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib.
1news.az-ın məlumatına görə, turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak edib.
Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 60 kq-da mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub.
Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə edib.
Xatırladaq ki, Ukraynanın əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, Dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin Olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.
1news.az