Nəticəsiz Berlin görüşü: “Normand dördlüyü” ortaq fikrə gələ bilmir – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Nəticəsiz Berlin görüşü: “Normand dördlüyü” ortaq fikrə gələ bilmir – Newtimes.az

16:56 - 28 / 10 / 2016
Nəticəsiz Berlin görüşü: “Normand dördlüyü” ortaq fikrə gələ bilmir – Newtimes.az

Suriya və İraqda vəziyyətin daha da gərginləşməsi fonunda Ukrayna böhranı bir qədər unudulmuş təsiri bağışlayırdı. Lakin Yaxın Şərq məsələsi ilə bağlı özünü göstərən Qərb-Rusiya qarşıdurmasında Krım faktorunun tez-tez xatırlandığı da faktdır. Son günlər isə Almaniya və Fransa Şərqi Ukraynadakı durumu gündəmə gətirmək istiqamətində addımlar atırdı. Nəhayət, "Normand dördlüyü" Almaniya paytaxtında toplandı. Yayılan informasiyalara görə, görüşdə heç bir sənəd imzalanmadı.

Bir sıra bəndlər üzrə ümumi razılaşmalar əldə edildi. Ancaq Rusiya prezidentinin ayrı, Almaniya və Fransa rəhbərlərinin isə bir yerdə mətbuat nümayəndələri üçün brifinq keçirməsi aradakı fikir ayrılıqlarının dərinliyindən xəbər verirdi. Əslində, ekspertlər hansısa sənədin imzalanacağını da gözləmirdilər. Onlar hesab edirlər ki, Berlin görüşü reallıqda Qərbin taktiki siyasi gedişidir və əsas məqsədi Rusiyanın bütün diqqətini Yaxın Şərqə yönəltməsinə mane olmaqdır. Konkret desək, Kremlə psixoloji təzyiq göstərməyə cəhd edilir. Bunun nə dərəcədə gərginliyin aradan qaldırılmasına xidmət etdiyini zaman göstərəcək. Ancaq indi də aydındır ki, böyük dövlətlərin süni nüfuz oyunları davam edir, nəticədə isə milyonlarla dinc insan əziyyət çəkir.

"4-1": "Normand dördlüyü"nün ziddiyyətləri

Ukrayna böhranı aradan qalxmır. Luqansk və Donbasda döyüşlər davam edir. Rusiya və Ukrayna bir-birini hərbi təxribatlarda ittiham edirlər. Suriya problemi dünyanın böyük dövlətlərinin diqqətini daha çox çəksə də, Ukrayna məsələsi kölgəyə düşməyib. Əksinə, son zamanlar Suriya və İraqda vəziyyətin daha da ağırlaşması fonunda həmin problem yeni səviyyədə aktuallaşıb. Maraqlıdır ki, Yaxın Şərq ilə bağlı Qərb-Rusiya qarşıdurmasının daha da gərginləşdiyi bir şəraitdə Ukrayna ordusu Donbasda hərbi əməliyyatları gücləndirib. Üstəlik, həmin bölgədə ciddi hərbi fiqur sayılan "Motorola" ləqəbli rus zabiti qətlə yetirilib.

Ekspertlər bu hadisələrə maraqlı şərh verirlər. Onlar hesab edirlər ki, Qərb bu addımlarla Rusiyanın gücünü parçalamağa çalışır. Konkret olaraq, Moskvanın bütün diqqətini Yaxın Şərqə yönəltməsinə əngəl olmaq istəyirlər. Kremldə də bu cür düşünənlər vardır, lakin belə görünür ki, Rusiya üçün hələlik elə bir çətin vəziyyət yoxdur. Moskva həm Ukrayna, həm də Yaxın Şərq istiqamətində mövqeyini saxlayır, öz şərtlərini yeritməyə çalışır.

Məsələnin daha düşündürücü tərəfi isə odur ki, böyük dövlətlər əsasən öz maraqlarından çıxış edərək müxtəlif ölkələri ixtilaflara sürükləmək stratejisini davam etdirməkdədirlər. Bu prizmadan "Normand dördlüyü"nün Berlin görüşünə nəzər salsaq, geosiyasi aspektdə əhəmiyyətli məqamları görə bilərik. Əvvəlcə, onu vurğulayaq ki, Rusiya prezidentini buraya dəvət etmək istəmirdilər. Bu, əsasən, Parisin mövqeyindən qaynaqlanırdı.

Bir qədər əvvəl F.Ollandla V.Putin arasında Suriya məsələsinə görə yaranmış ziddiyyət öz təsirini Ukrayna probleminə də göstərmişdi. P.Poroşenko baş verənləri "Rusiyanın şıltaqlığı" kimi təqdim etməyə çalışdı. Bir neçə gün Paris-Moskva xəttində gərginlik qaldı. O halda Berlində V.Putinsiz görüşmək qərara alındı. Ancaq reallıq onu göstərir ki, Rusiyasız bu məsələni həll etmək mümkün deyil.

Görünür, bütün bunları nəzərə alaraq A.Merkel xüsusi dəvətlə Rusiya prezidentini görüşə çağırıb. Bununla da "Normand dördlüyü" tam heyətdə Almaniya paytaxtında müzakirələr aparıblar. Onun nəticələri barədə KİV geniş yazır. Lakin məlum olanı odur ki, tərəflər çox az məsələlərdə razılığa gəliblər, lakin heç bir sənəd imzalanmayıb.

V.Putin, F.Olland və A.Merkelin də mətbuat konfransında ifadə etdikləri göstərir ki, danışıqlar gərgin keçib. Onun əsas məqamları Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsi ilə bağlı olub. Tərəflər bir-birini həmin razılaşmanı pozmaqda günahlandırıb. Onun ətrafında qərara alınıb ki, konkret "yol xəritəsi" hazırlansın ki, hər addımda hansı işlərin görüləcəyi müəyyən olunsun. Ancaq bu məsələ də ümumi səviyyədə razılaşdırılıb – hələlik "yol xəritəsi"nin müddəaları məlum deyil. Bu sənədi noyabrın axırına qədər hazırlamaq haqqında ümumi razılıq əldə olunub.

"Yol xəritəsi": 3 böyük dövlətin nüfuz yarışı, Ukrayna ərazi hayında

Ukrayna tərəfi "yol xəritəsi"nə ciddi önəm verir. Prezident P.Poroşenko həmin kontekstdə ifadə edib: ""Yol xəritəsi" Minsk razılaşmalarının bütün şərtlərinin yerinə yetirilməsini nəzərdə tutan sənəd olmalıdır. Buraya sərhədlər də, təmas xətləri də daxildir. Minsk razılaşmasının bütün elementləri "yol xəritəsi"nə daxil olmalıdır". O cümlədən Ukrayna rəhbəri Deboltsovo məntəqəsinin də "yol xəritəsi"nə daxil edilməsində israrlı olduğunu bəyan edib.

Başqa bir vacib məqam münaqişə edən tərəflərin toqquşmaması üçün konkret vasitəçilik mexanizminin hazırlanması ilə əlaqədar olub. Ukrayna prezidentinin dediyinə görə, Donbasa Avropanın hərbi polis missiyası yerləşdirilməlidir. Bu məsələni ATƏT-in müzakirəsinə Almaniya çıxarmalıdır. Ekspertlərin fikrincə, hərbi polis məsələsi Rusiya üçün çox həssasdır. Kremlin öz sərhədləri yaxınlığında Avropa hərbi gücünün yerləşdirilməsi ilə razılaşacağı çətin məsələdir. V.Putin də brifinqdə ATƏT-in hərbi gücünün regionda iştirakından deyil, bu təşkilatın münaqişənin həllində iştirakının genişləndirilməsindən bəhs edib. Həmin ifadə altında hansı bəndlərin nəzərdə tutulduğuna isə aydınlıq gətirilməyib.

V.Putin "Normand formatı"nda sammitdə humanitar məsələlərin az qismi ilə bağlı razılıq əldə edildiyini təəssüflə qeyd edib. Rusiya prezidenti əsas olaraq Luqansk və Donbasın statusu ilə bağlı məqam üzərində dayanıb. Tərəflər "Ştaynmayer formulu" üzrə həmin ərazilərin bir sıra yerlərində xüsusi status tətbiq edilməsi ilə bağlı ortaq fikrə gəliblər. Lakin bu da ümumi prinsiplər üzrə olub. Konkret qayda hələlik müəyyən deyil. Çünki məlum olduğu kimi, Kiyev həmin məsələyə çox həssas yanaşır. Ukrayna ərazi bütövlüyü üçün hər hansı təhlükənin olmasını arzulamır.

Fransa və Almaniya rəhbərliyi brifinqi bir yerdə keçiriblər. Onların Rusiya prezidentindən ayrıca brifinq keçirməsinə ekspertlər siyasi məna verirlər. Belə güman edilir ki, Fransa və Almaniya eyni mövqedədirlər və iradələrini Rusiyaya qəbul etdirməyə çalışırlar. F.Olland və A.Merkelin brifinqdə dediklərindən aydın olur ki, həm Ukrayna, həm də Suriya məsələsində mövqeləri eynidir. Hər iki ölkə barışın əldə edilməsi ilə bağlı birgə hərəkət edirlər. Bu aspektdə Paris və Berlin Moskvanı rəqib görürlər. V.Putinin təklikdə jurnalistlərlə görüşməsi kontekstində ekspertlərin bu mövqeyi arada ziddiyyətlərin hələ kifayət qədər olmasını təsdiqləyir.

Bu bağlılıqda "Normand dördlüyü"nün əsirlərin dəyişdirilməsi ilə əlaqədar apardıqları müzakirələrdən də konkret nəticə əldə edə bilməməsi müsbət qiymətləndirilmir. Ukrayna tərəfi bu işi "hamını hamıya" prinsipi ilə görməyi təklif edib. Onun qəbul edilib-edilmədiyi isə aydın deyil. V.Putin bununla bağlı bir fikir bildirməyib. Fransa və Almaniya rəhbərliyi də başqa məqamlardan danışıblar.

Bütün bunlara baxmayaraq, tərəflər "Normand dördlüyü"nə alternativin olmadığı ilə bağlı yekdil fikirdədirlər. Müşahidəçilər bu məqamı problemi onların nəzarətdə saxlamaq istəyi ilə əlaqələndirirlər. Konkret desək, bura başqa qüvvələri buraxmaq istəmirlər. Məsələn, BMT daha geniş müzakirə meydanı ola bilər. Belə görünür ki, başqa münaqişələrdə olduğu kimi, Ukrayna məsələsində də məhdud sayda ölkə dominant qalmaqda israrlıdır. Bu vəziyyətin Ukraynanın dövlət maraqlarına nə dərəcədə cavab verdiyini demək çətindir.

Yuxarıdakı analiz göstərir ki, Ukrayna böhranından çıxış yolları hələlik aydın deyil. Geosiyasi güclər oyunların yeni səhifəsini başlayıblar. Onların öz maraqlarına görə hərəkət etmək kursundan imtina etməməsi onu göstərir ki, qlobal siyasətdə ziddiyyətləri həll etmək iradəsi yoxdur. Hazırkı mərhələdə böyük güclər daha çox pay götürmək taktikasına sadiqdirlər. Bu isə o deməkdir ki, Ukrayna da daxil olmaqla münaqişələrin mövcud olduğu yerlərdə təhlükəsizliyə ciddi təhdidlər qalmaqdadır. Suriya, İraq, Ukrayna məsələlərinin həllində məlum olandan çox qeyri-məlum faktorlar müşahidə edilir. Təəssüf ki, qlobal səviyyədə aparılan bu oyunların bütövlükdə bəşəriyyətə ziyan verdiyini anlamaq istəyən böyük dövlət yoxdur.

Bu tezislər onu ifadə edir ki, "Normand dördlüyü" sıradan bir görüş də keçirdi. Burada hansısa problem öz həllini tapmayıb. Əksinə, tərəflər arasında yeni çətinliklər yarada biləcək məqamlar meydana atılıb. ATƏT-in hərbi polis qüvvələri məsələsi bu qəbildən hesab edilə bilər. Bu məqamlar növbəti görüşdə daha qabarıq surətdə özünü göstərə bilər.

Newtimes.az

Paylaş:
856

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər