Roman Qriqorçuk: Burada olduğum müddətdə “Qəbələ” bu cür futbol oynamayacaq
“Baqali Dabonun oyuna hazırlaşmadığını dəqiq deyə bilərəm. O, sabahkı görüşü buraxacaq”.
1news.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa “Sent-Etyen”inə qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis mətbuat konfransında zədəli futbolçuların durumu və sabahkı qarşılaşma barədə danışıb:
“Nika Kvekveskiri, Rəşad Sadiqov və Elvin Camalov oynaya bilərlər. Onlar məşqlərini davam etdirirlər. Son qərarı oyundan əvvəl verəcəm. Heyəti qurarkən prinsiplərimizə sadiq qalıb, ən hazırlıqlı oyunçuları meydana buraxacağıq. Qrupdan çıxmaq istədiyimizi deyə bilərik. Amma hər şeyə real yanaşmaq lazımdır.
Top-çempionatın təmsilçisinə qarşı oynayacağımızı yaxşı başa düşürük. Bizim qrupa düşməyimiz özlüyündə möcüzədir. Əgər 1/16 finala çıxsaq, bizimlə eyni qrupda mübarizə aparan “Anderlext”, “Sent-Etyen”, “Maynts” kimi komandalar nə etsin? “Krasnodar” və PAOK səviyyəsində rəqiblərlə başabaş oynamışıq. Lakin top-çempionatla aramızda çox böyük fərq var”.
Təcrübəli mütəxəssis rəqibə asanlıqla təslim olmayacaqlarını bildirib:
“Asanlıqla təslim olacağımızı demirəm. Ancaq bunun möcüzə olduğunu da etiraf etməliyik. Bunu gerçəkləşdirməyə çalışacağıq. Futbolçulara UEFA Avropa Liqasında gözəl təcrübə qazandığımızı izah edirəm. Belə qrupda xal toplasaq, fenomenal nəticə olacaq. Bu baş verməsə belə, yarışdan çox şey öyrəndiyimizi deyə bilərik. Qrupda xal toplamamaq uğursuzluq deyil. Bu turnirin mahiyyətini və səviyyəsini qəbul edə bilmək daha vacibdir. Qələbələri sıralamaq üçün isə illər lazımdır.
Sabahkı matç bizim üçün həlledici olsa belə, müdafiədə qapanmayacağıq. Böyük qüvvə ilə müdafiə olunub, əks-hücum sayəsində qələbə qazanmaq mümkündür. Lakin belə üslub mənim yanaşmama uyğun deyil. Mən burada olduğum müddətdə belə futbol oynamayacağıq. Biz hücum etməyi və sürətli əks-hücumların qarşısını almağı bacarmalıyıq”.
1news.az