Moskvada yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı çapdan çıxıb – FOTO
Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabı rus dilində çapdan çıxıb.
Nəfis tərtib olunmuş kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Müəllif “Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?”, “Xalqın lideri missiyası nədir?” suallarına cavab axtarır.
Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.
Kitabın əvvəlində Elmira Axundova AZƏRTAC-ın fotoarxivindən təqdim olunan fotomateriallara görə agentliyin baş direktoru Aslan Aslanova təşəkkürünü bildirib.
Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.
Ailə kiçik dövlətdir
Şəxsiyyətin dünyaya baxışının, mənəvi dəyərlərinin formalaşmasında əsas məsuliyyət məhz valideynlərin üzərinə düşür. Müəllifin yazdığı kimi, gələcək prezidentin valideynləri – Heydər Əliyev və Zərifə Əliyeva dahi insanlar idi. Yüksək vəzifə, şan-şöhrət sahibi olmalarına baxmayaraq, onlar olduqca sadə, təvazökar, səmimi idilər. E.Axundova yazır: “Bir çox xüsusiyyətləri ona valideynlərindən irsən keçib. Ancaq tərbiyənin də rolu az deyil. Onlar övladlarını, ilk növbədə, şəxsi nümunələri ilə tərbiyə edirdilər. Valideynlərinin əsas öyüdünü – həmişə, hər şəraitdə insanlığını itirməmək təlimini gələcək prezident yaxşı mənimsəmişdi”. Elə ailəyə, yaxınlarına, xalqına sevgi də Heydər Əliyevin və Zərifə Əliyevanın övladlarına aşıladıqları başlıca örnəkdir. Müsahibələrinin birində dövlət başçısı ailəsindən müsbət enerji aldığını, ailəsi ilə fəxr etdiyini deyir: “Axşam evə gələndə, əgər heç bir fövqəladə hal, zəng olmursa, artıq onilliklərdir məni əhatə edən tamamilə başqa mühitə - ailə mühitinə düşürəm”.
Müəllifin fikrincə, Prezidentin şəxsiyyətini daha dəqiq onun xanımı Mehriban Əliyeva səciyyələndirib: “O, heç zaman dəyişmir və ətrafında səmimilik və xeyirxahlıq mühiti yarada bilir. Pafosluq və sünilik onun xarakterinə yaddır. Buna görə də tamamilə fərqli insanlar onunla ünsiyyətə can atırlar. İlham hər zaman öz prinsiplərinə və ideallarına sadiqdir. İşində, Vətənə xidmətdə heç bir kompromisə və sövdələşməyə getmir. Ölkənin və xalqın mənafeyi onun üçün sözsüz prioritetdir”.
Çətin yolun başlanğıcı
Müəllif İlham Əliyevin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil aldığı illərdən, müəllimləri və tələbə yoldaşları, artıq sonralar, bu ali məktəbdə mühazirələr oxuduğu dövrdə tələbələri ilə münasibətlərindən yazır. MDBMİ-nin əməkdaşlarından biri Raisa Polevaya İlham Əliyevi belə xatırlayır: “Hələ 1970-ci illərdən tanıdığım İlham Əliyev parlaq şəxsiyyətlər sırasında xüsusi yer tutur. O, qeyri-adi şəxsiyyətdir. İlham Əliyevin tələbələrə, əməkdaşlara, müəllimlərə olduqca xeyirxah münasibəti bizi bir qədər təəccübləndirirdi. Özünüz də başa düşürsünüz ki, institutumuz adi ali məktəb deyil, burada elitar ailələrin övladları təhsil alırdı. İlham Əliyev bütün tələbələrdən seçilirdi”.
Gələcək prezidentin hələ gənc yaşlarından taleyin bir-birinin ardınca vurduğu zərbələrə mətinliklə sinə gərdiyini vurğulayan Elmira Axundova yazır ki, İlham Əliyev hələ gənc yaşlarından zərbələri dəf etməyi öyrənmişdi. Həyat onu heç də həmişə əzizləməyib. Əliyevlər ailəsi XX əsrin 80-ci illərinin ikinci yarısında böyük sarsıntılarla üzləşdi. İlham Əliyev 24 yaşında ən əziz adamını – anasını itirdi. Heydər Əliyevin səhhətində ciddi problemlər yarandı və bunun ardınca da o, vəzifəsindən istefa verməli oldu. İlham Əliyev bu zərbələrə də ləyaqətlə sinə gərib.
Sonrakı illər Azərbaycan xalqının təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkədə bütün sahələrdə dirçəliş dövrü ilə əlamətdardır. Müəllif yazır ki, Azərbaycanın darmadağın, parçalanmış, müharibələrdən və təzyiqlərdən yorulmuş bir dövründə Heydər Əliyevə sədaqətli komanda lazım idi. Bu komandada əsas mövqelərdən biri – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsi İlham Əliyevə həvalə olundu. O zaman neft şirkətinin prezidenti işləmiş Natiq Əliyev müsahibələrindən birində deyir: “Bilirsiniz, məndən İlham Əliyev haqqında soruşanda onun daim Heydər Əliyevin yanında olmasını yada salıram. Bu isə hər bir siyasətçi üçün ən yaxşı məktəbdir”.
Yeni nəslin lideri
Ulu öndər Heydər Əliyevin vəfatından sonra onun rəhbərliyi dövründə artıq sürətli inkişaf kursu götürmüş Azərbaycanın bu yola sadiq qalacaq güclü, ziyalı, uzaqgörən liderə ehtiyacı var idi. Elmira Axundova yazır ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin həm Azərbaycan xalqı, həm də dünya və region ölkələrinin aparıcı siyasətçiləri tərəfindən dəstəklənməsi Heydər Əliyevin seçimində yanılmadığını göstərdi, çünki regionun əsas siyasətçiləri və çoxsaylı əcnəbi investorlar üçün İlham Əliyevin Prezidentin oğlu olması faktı önəmli deyildi. Azərbaycanın siyasi və iqtisadi kursunun ardıcıllığı onlar üçün daha vacib idi. Əlbəttə, bu, mühüm amil idi. Ancaq başlıca amil hakim partiyanın yeni nəslinə məxsus parlaq namizədin - İlham Əliyevin şəxsiyyəti idi.
Müəllifin fikrincə, ölkənin yeni liderinin qarşısında artıq fərqli vəzifələr dururdu: “İndi ölkəni tənəzzüldən çıxarmaq, normal inkişaf relsinə qoymaq deyil, gələcəyə sıçrayış etmək, iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qaldırmaq, cəmiyyəti XXI əsrin çağırışlarına uyğun yenidən qurmaq lazım idi”.
Elmira Axundova Azərbaycan dövlətinin başçısının hakimiyyət fenomenini, ölkəmizin sosial modelinin formalaşması prosesini təhlil edərək iqtidarın sosialyönümlü layihələri, vətəndaş birliyinin və sabitliyin əsaslarından olan multikulturalizm ənənələrinin qorunması və inkişafı, idman sahəsində əldə olunan nailiyyətləri mühüm amil kimi önə çəkir. Müəllif yazır: “Müasir Azərbaycan ən cəsarətli arzuların və möhtəşəm layihələrin həyata keçirildiyi coğrafi məkandır. Özü də bu işlər ardıcıl, dəqiq qrafik üzrə görülür. Uğurun sirri ondadır ki, respublikada ən müxtəlif istiqamətlərdə dəqiq, elmi-nəzəri, iqtisadi təmələ əsaslanan modernləşmə strategiyası işlənib hazırlanıb. Bu strategiyada sosial prioritetlər – insan, onun rifahı, sosial müdafiəsi, gələcəyi ön sıradadır”.
Kitabda Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektləri təhlil edilir.
Son söz əvəzi
Kitabın sonunda Elmira Axundova oxucularına müraciətlə yazır: “Siz məndən soruşa bilərsiniz: məgər respublikada problem qalmayıb? Əlbəttə, problemlər var, onlardan qaçmaq çətindir. Ancaq bu, inkişafdan doğan problemlərdir. Ölkənin inkişaf dinamikası göz qabağındadır və İlham Əliyev o qədər müasir və səmərəli işləyir ki, bir çox problemlər yeni işlərin, təşəbbüslərin axarında əriyir, keçmişə çevrilir”.
Müəllifin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsindən gətirdiyi sitatda İlham Əliyevin Azərbaycanın ən yeni tarixində rolu belə müəyyənləşdirilir: “Prezident İlham Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı innovasiyalı inkişaf konsepsiyası ölkənin modernləşməsi, postsənaye cəmiyyəti quruculuğu proqramında müstəsna rol oynayır. Dövlətimizin başçısı sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri bir-birinin ardınca həyata keçirməklə öz müasirlərində fəaliyyət əzmini coşdurmağa, layiqli gələcəyin möhkəm əsaslarını qurmaq üçün həmfikirlərini arxasınca aparmağa nail oldu. O, xalqa verdiyi sözünün üstündə durdu. Quruculuq sərhədlərini ilbəil genişləndirən nəhəng islahatlar proqramının xalqa faydası göz qabağındadır”.
Rusiyada geniş oxucu kütləsi Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını Moskvanın və Sankt-Peterburqun bir çox kitab mağazalarından əldə edə bilər. Bu ilin noyabr-dekabr aylarında kitab “Rosspen” nəşriyyatı tərəfindən Moskva Mərkəzi Rəssamlar Evində keçiriləcək intellektual ədəbiyyat yarmarkasında ən yaxşı nəşr kimi təqdim olunacaq.
AZƏRTAC