Amerikasayağı demokratiya: bölünmüş ölkə və prezident Tramp – Newtimes.az
Uzun müddət ərzində dünyada "beyin mərkəzləri", kütləvi informasiya vasitələri, siyasi liderlər və dövlət xadimləri proqnoz verirdilər ki, Amerikada prezident seçkilərində demokrat Hillari Klinton qalib gələcək. Üstəlik, H.Klintonun rəqibi, respublikaçı Donald Tramp haqqında ifşaedici informasiyalar yayılır, onun prezidentliyə layiq olmadığı barədə Amerikanın məşhur adamlarının fikirləri dərc edilirdi.
Bəziləri hətta D.Trampı "dəli" adlandırırdı. Hiss olunurdu ki, ABŞ isteblişmenti respublikaçı namizədin qalib gəlməsini heç arzulamırdı. Ancaq, atalar demişkən, "sən saydığını say...", zamanın hökmü isə tamamilə başqadır. Nəticə necə oldu? Sürpriz – qalib təhqir olunan, aşağılanan və dağıdıcı, "yırtıcı" kimi qələmə verilən D.Tramp oldu. Seçici ona üstünlük verdi. İndi də Amerika şəhərlərinin küçələrinə çıxıb "biz seçilən prezidenti tanımırıq"! deyə qışqıranlar var. Paradoksdur, deyilmi – dünyanın ən demokratik ölkəsində bir seçici qrupu digər seçicilərin hüququnu tanımaq istəmir. Ölkənin siyasi səhnəsi kimi, seçici beyninin də qarışdığı görünür. Bunların səbəbi nədir?
Yanlış proqnozlar: təbliğatda ikili standartlar və "beyin mərkəzləri"nin iflic vəziyyəti
Analitiklər ABŞ-da prezident seçkisindən sonra yaranmış vəziyyəti təhlil edib, proqnozlar verməyə çalışırlar. Onlar yalnız Amerikanın deyil, bütövlükdə dünyanın taleyi aspektində fikir yürüdürlər. Proqnozlar bir-birindən fərqlənsə də, demək olar ki, hamısı bir tezisi qəbul edir – ABŞ-ın yeni prezidenti həm ölkədə, həm də dünyada siyasi mənzərəni dəyişmək qabiliyyətindədir. Bu zaman onun konkret hansı addımları atacağı haqqında qəti fikir bildirməyə risk etmirlər. D.Tramp gözlənilməz və riskli addımlar atan siyasətçi kimi xarakterizə edilir. Hərçənd, Trampın özü seçkiqabağı çıxışlarının birində açıq deyib ki, "mən siyasətçi deyiləm" (bax: Trump talks 'draining the swamp' of DC in policy speech / "Fox News", 22 oktyabr 2016).
Belə çıxır ki, Amerikada D.Trampın qələbəsini gözləmirdirlər. Onda bəs nəyə görə təbliğatı H.Klintonun üzərində qururdular? Ağıla gələn iki variantdır – ya təbliğat böyük riyakarlıq, yalan, ikili standartlar üzərində qurulmuşdu, ya da ki, doğrudan da Qərb ölkələrində KİV, "beyin mərkəzləri" iflic vəziyyətindədir. Bu isə, açığı, faciədir. Çünki həm riyakarlıq, həm də düzgün analiz edə bilmək imkanlarının zəifliyi bütövlükdə dünyanın gələcəyi ilə bağlı bədbin düşüncələrə əsas verir.
Xatırlayırsınızsa, "Brexit"dən sonra bir sıra ekspertlər Avropanın "beyin mərkəzləri"ni, siyasi liderlərini mövcud reallığı adekvat dərk etməməkdə ittiham etdilər Eyni vəziyyət, ABŞ-da prezident seçkisindən sonra yaranıb. Əgər dünyanın ən güclü dövlətində prezident seçkisi təbliğatı riyakarlıq, yalan və ikili standartlar üzərində qurulursa, bu, reallığın təhrif olunmuş formada qiymətləndirilməsi deməkdir. Onun isə ümumən qlobal siyasətə çox mənfi təsirləri ola bilər. Bu barədə kifayət qədər analizlər aparılıb, tezislər irəli sürülüb. Başqa variantda, KİV və "beyin mərkəzləri" iflic vəziyyətdədirsə, onda həmin işlərə xərclənən milyardlar hara gedib?
Buradan KİV və akademik dairələrin müəyyən siyasi və maliyyə qruplarının xüsusi korporativ maraqlarına xidmət göstərdiyi qənaətinə gəlmək olarmı? Onu deyək ki, ekspertlər sırasında bu suala müsbət cavab verənlər vardır. Rusiyalı ekspert Andrey Kortunov həmin kontekstdə yazır: "...Donald Trampa qarşı vahid cəbhədə ölkənin bütün elitası çıxış edib. Demokratlar və respublikaçılar, Uoll-Stritin maliyyə korporasiyaları, Silikon vadisinin sərmayə şirkətləri, milli kütləvi informasiya vasitələri, aparıcı mədəniyyət tregerləri, universitetlər, xeyriyyə fondları, Nobel mükafatı laureatları və analitik mərkəzlərin əksər çoxluğu ona qarşı idi (bax: Андрей Кортунов. Победа народного восстания над национальным истеблишментом / "Valdaiclub.com", 9 noyabr 2016).
Daha maraqlısı isə ondan ibarətdir ki, prezident seçkilərindən sonra qəribə mənzərə yaranıb. Konkret olaraq, Trampı təhqir edənlər, ona qarşı qarayaxma kampaniyası aparanlar seçkidən sonra onu tərif etməyə başlayıblar. Onlar əvvəl, həqiqəti deyil, müəyyən sifarişli fikirləri söyləyib, hətta bəzən D.Trampa səs verməmələri üçün seçicilərə ağlasığmaz vədlər versələr də, seçkidən sonra yenə riyakarlıq edərək qalibin yanında yer almaq üçün çalışırlar. Psixoloji olaraq bu hal, yalançı, başqasının iradəsinə tabe olan, əsas olaraq öz mənafeyini güdən fərdlərdə özünü göstərir. Lakin hər iki hal onların ədalətli, demokratik və obyektiv deyil, kənar təsirlər altında hərəkət etdiyini göstərir. Görünür, ABŞ cəmiyyətində ciddi mənəvi problemlər yaranıb.
Bunları bir kənara qoyub, məsələyə başqa bucaq altında baxdıqda, D.Trampın qələbəsinin səbəbləri üzərində düşünməyə dəyər. Hər şeydən əvvəl, ekspertlər qeyd edirlər ki, bu, Amerika başda olmaqla Qərbin uzun illər yeritdiyi siyasətin nəticəsidir. Konkret deyilsə, həmin siyasət yalan, böhtan, ikili standartlar və öz maraqları naminə beynəlxalq hüquqa olan etinasızlıq üzərində qurulub. Bu da ABŞ-ın xarici siyasətində və bütövlükdə dünyada xeyli sayda problemlər meydana gətirib. Məsələn, Cozef Nay vurğulayır: "...Tramp onda haqlıdır ki, Yaxın Şərq ölkələrindəki milli əhval-ruhiyyədə olan əhalinin daxili işlərini nəzarətdə saxlamaq – uğursuzluq reseptidir" (bax: Joseph Nye. Donald Trump’s Foreign-Policy Challenges / "Project Syndicate", 9 noyabr 2016). Bundan başqa, Tramp Rusiyanın təcrid olunmasını da yanlış hesab edir ki, bunda da haqlıdır (bax: əvvəlki mənbəyə).
Trampın missiyası: öhdəsindən gələ biləcəkmi?
Təbii ki, bu proses uzun müddət davam edə bilməzdi və cəmiyyətdə siyasi isteblişmentə qarşı ikrah hissi yaradırdı. O, daha çox iki məqamda özünü göstərib. Birincisi, baxmayaraq ki, H.Klinton ölkənin elitasını təmsil edirdi, ona amerikalıların 70%-i inanmırdı. İkincisi, "ağ amerikalılar"ın əksəriyyəti D.Trampa səs verib. Belə ki, H.Klintona "ağ"ların 37%-i, D.Trampa isə 58%-i səs verib. Afroamerikanların isə 88%-i demokratların namizədinə, cəmi 8%-i respublikaçıya "hə" deyib (bax: Максим Сучков. Восстание "ос": как победил Д.Трамп / РСМД, 10 noyabr 2016).
Beləliklə, D.Tramp öz çıxışları ilə amerikalılarda ədalətə, düzgün yanaşmaya inam yarada bilib. O, ABŞ cəmiyyətini bürüyən problemlərin meydana gəlməsində hakim qüvvələrin oynadığı rolu faktlarla göstərib, xarici və daxili siyasətdəki problemləri analiz edib, onlardan çıxış yollarını göstərib, siyasi rəhbərliyin insanları necə aldatdığını konkret misallarla sübuta yetirib (bax: Trump talks 'draining the swamp' of DC in policy speech / "Fox News", 22 oktyabr 2016).
Respublikaçıların təmsilçisi seçicilərə ədalətə olan ehtiyacın böyük əhəmiyyət kəsb etdiyini təsdiq edə bilib. Onun "fırıldaqçılar elitası"na olan etirazı, yenilikçiliyi və şəffaflığa üstünlük verməsini Amerikanın orta təbəqəsi başa düşüb. Onu daha çox haqsızlıqlarla qarşılaşan, həyat səviyyəsi yaxşılaşmayan, işsiz qalan vətəndaşlar müdafiə ediblər. Lakin D.Tramp xaricdə də özünə tərəfdarlar tapıb.
Görünür, artıq hazırkı vəziyyətə gətirən səbəbin dünyada gedən proseslərdə ədalətin yoxluğu ilə bağlı olduğunu anlayanların sayı artır. Özlüyündə süni, maskalanmış, daxili məzmununda isə geosiyasi, iqtisadi maraqları daşıyan "liberal" dəyərlər sistemini hamıya qəbul etdirməyin perspektivsizliyini dərk edənlər indi az deyil. Müxtəlif regionlarda müşahidə edilən geosiyasi və hərbi proseslərdə bu məqam daha aydın görünür. Bir regiondakı təcavüzkara qarşı sərt olan dairələr, başqa bölgədəki işğalçıya yardımlar edirlər. Onlar ədalətə deyil, ikili standartlara arxalanırlar.
Bundan başqa, baxmayaraq ki, Versal sülh müqaviləsindən (1919) sonra beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin daxili işlərinə qarışmamaqdır, Vaşinqton isə bu fundamental prinsipə əməl etmir və yaxın müttəfiqləri ilə birlikdə beynəlxalq hüququ istədiyi kimi şərh edir və həyata keçirir. Belə olan halda bu ölkələr yeri gəldi-gəlmədi ittiham edilir, onların daxili işlərinə müdaxilə olunur və sanksiyalarla hədələnirlər. Təsadüfi deyil ki, bütün bunlar Vaşinqtonun siyasətinə qarşı etirazları artırıb. O cümlədən Donald Tramp Vaşinqtonun bu cür siyasətinə mənfi münasibətini bildirib. Ancaq maraqlı və düşündürücüdür ki, Qərbin bir sıra siyasi liderləri D.Trampı məhz bu mövqeyinə görə tənqid atəşinə tutublar. Onların sırasında Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk, Avropa Parlamentinin sədri Martin Şults, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson, Almaniya Xarici İşlər Nazirliyinin başçısı Frank-Valter Ştaynmayer, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan və başqaları var (bax: məs.: До и после избрания: что говорили о Трампе мировые лидеры / "Би-би-си", 10 noyabr 2016). Elə prezident Barak Obamanın özü də Trampla razılaşmadığını deyib. Lakin mütəxəssislər problemin daha dərin köklərə malik olduğuna, baş verənlərin arxasında ABŞ-da siyasi sistemin qüsurlarının durduğuna inanırlar.
Görünür, ABŞ siyasətinin "seçki macəraları" hələ bitməyib. Okeanın o tayından yayılan informasiyalara görə, etiraz aksiyaları dayanmaq bilmir. Üsyan edənlər maşınları, mağaza, ofis şüşələrini sındırırlar. Lakin bu vəziyyətə dünya ölkələrinin siyasətçilərindən, qeyri-hökumət təşkilatlarından fikir bildirən gözə dəymir. Xatırladaq ki, Azərbaycanda 2003-cü il prezident seçkilərindən sonra yaranmış vəziyyətə müxtəlif ölkələr və təşkilatlar canfəşanlıqla münasibət bildirdilər. Hakimiyyət tənqid edildi, bir sıra ittihamlar irəli sürüldü. Onlar özlərini insan haqlarının müdafiəçiləri kimi aparmağa çalışdılar. Bəs indi ABŞ-dakı hadisələrdə həmin dairələrin səsi niyə çıxmır? Niyə bu hadisələrə mövqe bildirilmir?
Yuxarıda vurğulanan məqamlardan bir əsas sual meydana çıxır – bütün bunlardan sonra Donald Tramp ümidləri doğrulda biləcəkmi? Şübhəsiz, onun qarşısında böyük missiya durur. Ancaq başda ABŞ olmaqla Qərb dünyasının siyasi səhnəsində o qədər problemlər və ziddiyyətlər yığılıb ki, Amerikanın yeni prezidenti üçün onları həll etmək asan olmayacaq. Xüsusilə ədalətin olmadığı, ikili standartların hökm sürdüyü bir yerdə xeyirli işlər görmək çox çətindir. Zaman göstərəcək.
Newtimes.az