Bölgələrdə analoq yayımın 3 mərhələdə dayandırılması gözlənilir
Bölgələrdə analoq yayımın dayandırılması mərhələli şəkildə keçirilə bilər.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, məsələ bu günlərdə Milli Televiziya və Radio Şurasında (MTRŞ) müzakirə olunacaq.
Analoq yayımın 3 mərhələdə - şimal və şimal-qərb rayonlarında dekabrın birinci, qərb rayonlarında dekabrın ikinci, cənub və Mərkəzi Aran rayonlarında isə dekabrın üçüncü ongünlüyündə dayandırılması gözlənilir.
Bölgələrdə analoq yayımın dayandırılmasının mərhələli şəkildə keçirilməsi vətəndaşların dekoderlərə olan tələbatı ilə bağlıdır.
Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib.
1news.az