“Türkiyə” qəzetində “Heydər Əliyevin mirası” məqaləsi dərc olunub
Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun “Heydər Əliyevin mirası” sərlövhəli məqaləsi “Türkiyə” qəzetində dərc olunub.
Türkiyənin çoxtirajlı qəzetinin elektron versiyasında da yayılan məqalədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin ən maraqlı məqamları barədə oxuculara məlumat verilir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması, inkişafı, dünyada tanıdılması və s. məqamları ətraflı təhlil edən müəllif türkdilli oxucuların diqqətinə çatdırır ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası təkcə Azərbaycanın yox, böyük bir coğrafiyanın yüksəlişini təmin edib.
Məqalədə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyəti, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və digər layihələrin reallaşması istiqamətində görülən işlərdən bəhs olunur.
Səfir vurğulayır ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafı ulu öndər Heydər Əliyevdən qalan ən böyük mirasdır.
AZƏRTAC