Mübariz Əhmədoğlu: Tərslik və kütlük Sərkisyan və onun ətrafı üçün prioritetdir
Ermənistan parlamentinin vitse-spikeri və hakim “Respublika” partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov Ermənistanın rəsmi təbliğatında ən birinci şəxslərdəndir. Həm də ona görə ki, soyadının sonluğu “yan” deyil, “ov”-dur. Görünür, Şarmazanov həmişə rolda qala bilmir və bəzən özünün əsl cildinə girir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:
“Hətta şişirdilmiş tarixinə görə erməni xalqının 3300 il yaşı var. İnsanlığın yaşı təxminən 30 min il götürülür. E.Şarmazanovun 27 min illik tarixdən xəbəri yoxdur. Erməninin 3 min illik tarixində E.Şarmazanov təxminən 500-600 illik tarixə söykənir və Dağlıq Qarabağın “Artsaxın” ermənilərə məxsus olduğunu bildirir. Qobustan qayalıqlarında insanların yaşama tarixi 10-12 min ildir. Bu qayalardakı rəsm əsərləri bu ərazidə insanların intellektinin göstəricisidir. Qobustan qayalıqları Herodot da daxil olmaqla bütün antik tarixçilərlə müqayisədə regionun ən böyük tarixçisidir.
Şarmazanovlar regionun real tarixini öyrənərkən əvvəlcə regiondakı mənbələrə istinad etsələr daha faydalı olar. Asiya qitəsində ermənilərin xalq olaraq məskunlaşmadığı ərazi, region demək olar ki, yoxdur. O mənada ermənilərin bizim regionda yaşaması istisna olunmur. İndi ermənilər Qırğızıstanı erməniləşdirməklə məşğuldurlar. Guya qədimdə Qırğızıstan da erməni torpağı olub. Ermənilərin çoxsaylı regionlarda olmasını başa düşmək üçün onların davranış alqoritmini bilmək lazımdır: Acizanə görkəmdə yalvarmaqla ölkənin daxilinə girmək- özlərini gücləndikdən sonra öz maraqlarını ortalığa qoymaq-konfliktogenliklərni işə salmaq-cəzalanmaq.
Bəzən cəzalar erməni xalqının yazıq kimi daxil olduğu torpaqlardan qovulmasından ibarət olub. Bura gələn bütün səyyahlar, tarixçilər bu regionu Qarabağ adlandırıb və Rusiya ilə imzalanmış rəsmi müqavilələrdə də bu ərazinin adı Qarabağ göstərilir. E.Şarmazanovun bunları bilməməsi onun intellektual məhdudluğudur. O, biliyini artırmayacağını məlum inadkarlıqla özünə söz verib”.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ müstəqillik uğrunda mübarizə aparmayıb.
“1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibindən ayrılıb, Ermənistanın tərkibinə birləşməklə bağlı qərar qəbul ediblər. Sadəcə Ermənistanın tərkibinə birləşməyin bir addıma mümkün olmadığını başa düşdüklərinə görə, müstəqillik uğrunda mübarizə taktikasını seçdilər. Beynəlxalq ictimaiyyəti aldatmaq ona hörmətsizlikdir və bu insani keyfiyyət deyil.
S.Sərkisyanın “MİA Novosti”yə verdiyi müsahibəsində Dağlıq Qarabağla bağlı səslənmiş fikirləri şarmazanovlar diqqətlə oxusunlar. S.Sərkisyan ilk dəfə Dağlıq Qarabağ tənzimlənməsindəki vəziyyəti mümkün qədər həqiqətə yaxın təsvir etmək istəyib. S.Sərkisyan “Artsax xalqı”, “Dağlıq Qarabağ ermənisi” terminləri əvəzində “Dağlıq Qarabağ əhalisi” terminini işlətdi.
Ermənistan prezidentinin ətrafı Helsinki Yekun Aktını, keçmiş SSRİ respublikalarının BMT-yə üz olması ilə bağlı tam məlumatsızdılar. Ən qəribəsi budur ki, onlar bu sahədə əlavə məlumat da əldə etmək istəmirlər”.
Nəticəni özünüz çıxarın.
1news.az