Bu ilin ən populyar smartfonları - SİYAHI
“Counterpoint Market Technology” şirkəti tədqiqat apararaq “iPhone 7” smartfonunun 2016-cı ildə ən çox satılan model olmasını açıqlayıb.
1news.az ICTnews-a istinadən xəbər verir ki, tədqiqatda analitiklər 2016-cı ilin yekunları üzrə hansı “ağıllı” telefon modelinin daha populyar olmasını müəyyənləşdirib.
Reytinqdə mütləq lider bu ilin sentyabrında satışa çıxarılan, 4,7 düymlük displey, "Apple A10 Fusion” prosessoru, maksimal qablaşdırmada 256 giqabayt daxili yaddaş, 2 giqabayt operativ yaddaş və sukeçirməz korpusla təchiz edilən “iPhone 7” olub.
Ən çox satılan smartfonlar siyahısında ikinci yeri "Samsung Galaxy S7 edge” tutub. Qurğuda güclü texniki xüsusiyyətlər qeyri-adi dizaynla birləşib. “Galaxy S6 edge” modelinin xüsusiyyətlərini özündə birləşdirən smartfon 2560 х 1440 pikselli "Super AMOLED” displeyə, genişləndirilə bilən daxili yaddaş və sukeçirməz korpusa malikdir.
Reytinqdə üçüncü yerdə apreldə təqdim edilən "HTC 10” smartfonu qərarlaşıb. Aparat 2560 х 1440 piksel təsvir ölçülü 5,2 düymlük ekran, “Snapdragon 820” prosessoru, 64 giqabaytlıq daxili yaddaş və 4 giqabaytlıq operativ yaddaş, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Ən populyar smartfonlar siyahısında, həmçinin “Huawei P8 lite”, “Lenovo Vibe X3”, “Meizu M3 Note”, “OnePlus 3”, “LG G5”, “Asus Zenfone 3” modelləri yer alıb.
1news.az