“Səbail” FK-nın “Sehirli yolka”sına 3 mindən çox uşaq qatılıb – FOTO
Yeni yaranan "Səbail" futbol klubu (FK) ruhunu təmsil etdiyi rayonun məhlələrindən, küçələrindən götürüb.
1news.az-a klubdan verilən xəbərə görə, klubun qazandığı hər bir qələbənin arxasında bu rayon və məhz bu məhlələr dayanır.
“Səbail”in komanda ruhu bu məhlələrin palçıqlı küçələrində yoğrulub. Bu məhlələr “Səbail” FK-nın qalasıdır və klub qalanın ən kiçik üzvlərinə dekabrın 24-də möcüzəli bayram sevincini hədiyyə etdi.
Klubun doğma meydanında – “Bayıl Arena”da saat 13:00-dan 17:00-dək “Sehirli Yolka” şənliyi keçirildi. 3 mindən çox uşağın qatıldığı əyləncəli bayram şənliyinə giriş pulsuz idi.
“Sehirli Yolka” şənliyində əvvəlcə meydana Yeni ilin ən sevimli qəhrəmanları – Şaxta baba və Qar qız çıxdı. Animatorlar, köpük şousu, klounlar, bir-birindən əyləncəli, rəngarəng oyunlar, nəğmələr, rəqslər, “face art” uşaqlar və valideynlər tərəfindən maraqla, sevinc hissi ilə qarşılandı.
Şənliyə gələn uşaqlar “Səbail” FK-nın aslanları ilə şəkillər çəkdirdilər, onlarla kiçik oyunlar keçirdilər. Futbolçular uşaqlara imzalı şəkillərini də hədiyyə etdilər.
Bayram şənliyinin sonunda Şaxta babanın “Sehirli Yolka”ya gələn hər bir uşağa “ləzzətli” hədiyyə boğçası da oldu.
1news.az