Mübariz Əhmədoğlu: Ermənistanın işğalçılıq iradəsinin davamı ona əlavə problemlər yaradacaq
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatından görünür ki, onlar dövlət sərhədində hərbi insidentlərin araşdırma mexanizminin yaradılmasını aktuallaşdırıblar. Ermənistan-Azərbaycan sərhədində insidentlərin araşdırma mexanizmi Azərbaycanın maraqlarına cavab verir; qoy, ilk olaraq dövlət sərhədində insidentlərin araşdırma mexanizmi qurulsun və bu özünü doğrultsa sonradan qoşunların yeni təmas xəttinə də şamil edilə bilər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:
“Azərbaycanın bir əsgərinin nəşi Ermənistan ərazisindədirsə və Ermənistan respublikası onu vermək istəmirsə, bu zaman Azərbaycan yeni kampaniyaya başlaya bilər. Ermənistanın hal-hazırda minimum 20 min vətəndaşı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi xidmətdədir. Azərbaycan tərəfi Azərbaycan Respublikasının ərazisində həm Dağlıq Qarabağda, həm də 7 rayonda xidmət edən erməni hərbçilərinin adlarını, şəxsiyyətlərini müəyyənləşdirib İnterpol xətti ilə axtarışa verə bilər. Bu kampaniyanın uğur qazanma şansı çoxdur. Çünki hal-hazırda Ermənistan hərbi əsirlərin və meyitlərin mübadiləsində bir neçə dəfə həm Beynəlxalq Qırmızı Xaç Komitəsini, həm də ATƏT-in Minsk Qrupunu inkar edib. ATƏT-in Minsk Qrupu həmsədrləri də Ermənistandan narazıdırlar”.
Politoloq qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında işğal olunmuş ərazilərdə hərbi xidmət keçmiş şəxslərin bir-birinin ərazisinə buraxılmaması ilə bağlı müqavilə imzalaya bilərlər.
“Belə olan təqdirdə Azərbaycan Abxaziya və Cənubi Osetiya ordusunda xidmət etmiş şəxsləri, Gürcüstan isə Dağlıq Qarabağda xidmət keçmiş Ermənistan vətəndaşlarını öz ərazisinə buraxmayacaq. Bu ermənilər üçün çox qısa müddət ərzində az qala öldürücü təsir edə bilər. Yada salmaq lazımdır ki, bir müddət S.Sərkisyan Gürcüstan-Ermənistan sərhədində yaşayan Gürcüstan vətəndaşları olan azərbaycanlıları sərhədi pozma bəhanəsi ilə tez-tez həbs etdirirdi. Sonradan Gürcüstan bunun qabağını ala bildi.
Təbii ki, ABŞ-ın dəstəyi də öz işini gördü. İndi artıq Ermənistan-Gürcüstan sərhədinin azərbaycanlılar yaşayan hissəsində demək olar ki, tam sakitlikdir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə Azərbaycan və Gürcüstan belə müqaviləni imzalaya və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş ermənilərin Gürcüstan ərazisinə buraxılmaması ilə bağlı razılaşma əldə edə bilərlər. Hər halda ermənilər başa düşsünlər ki, indiki şəraitdə bu razılaşmanı əldə etmək elə də çətin deyil”.
M.Əhmədoğlunun fikrincə, Ermənistan XİN ATƏT-in Yerevan ofisinin fəaliyyətinin dayandırılmasını rəsmi Bakının ATƏT-in qərarına konsensus verməməsi ilə izah etməyə çalışır.
“İstisna etmirik. Əgər belədirsə, Ermənistan ATƏT MQ-nin qərarlarına hörmətlə yanaşsın. Həmsədrlərin son bəyanatında prezidentlərin Həştərxan razılaşmasına istinad edilir. Həştərxan razılaşmasında əsas tələb bütün hərbi əsirlərin və meyitlərin qaytarılmasıdır. Başqa sözlə, Çingiz Qurbanovun nəşi, Dilqəm Əskərov və Şahbaz Quliyev Azərbaycana qaytarılmalıdır.
Qalan məsələləri rəsmi Bakı ATƏT-lə müzakirə edə bilər”.
1news.az