Roman Qriqorçuk: “Özüm yaşda hücumçu istəyirəm”
“Belə oyunda qol vurmamaq, qalib gəlməmək mümkün deyil. Xeyli sayda qol imkanlarımız oldu. Amma şanslardan lazımınca istifadə edə bilmədik”.
1news.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Premyer Liqanın XV turu çərçivəsində “Sumqayıt”ı qəbul edən “Qəbələ” xal itkisi ilə üzləşib. Belə ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
Matçdan sonra “CBC Sport” telekanalına açıqlama verən Qriqorçuk oyun barədə fikirlərini bildirib. O, qol imkanlarından lazımınca yararlana bilməməklərindən gileylənib:
“Hələ də hücumun sonluğunda ustalıq səviyyəmiz kifayət qədər yaxşı deyil. Bunun üzərində işləməliyik. Amma bu problemi aradan qaldırmaq üçün bizə xeyli vaxt lazımdı. Hücumçu transfer etmək istəyirik. Uşaqlara zarafatyana deyirəm ki, mənim yaşda hücumçu istəyirəm, qaçmasın, sadəcə cərimə meydançasında dayansın və qol vursun”.
Ukraynalı çalışdırıcı “Qəbələ”də ilk rəsmi matçını keçirən Araz Abdullayev haqda da danışıb:
“Arazın böyük potensialı var. Biz birlikdə çalışaraq, bu potensialı açmalıyıq”.
1news.az