Bakı Şəhər Halqası beynəlxalq konfransa ev sahibliyi edir
“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2017” mövzusunda Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq konfransda Formula 1 yarışına ev sahibliyi edən ölkələrdən nümayəndələr iştirak edəcəklər.
1news.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkəti verilən xəbərə görə, Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ölkədəki Amerika Ticarət Palatası (AMCHAM) ilə birlikdə fevralın 15-də, Bakıda “Four Seasons” otelində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfransa ilk dəfə ev sahibliyi edəcək.
Bir gün davam edəcək konfransda Formula 1 Qran Prisi keçirən ölkələrdəki bu yarışın təşkilatçılarından yüksək səlahiyyətli şəxslərlə yanaşı Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin təmsilçiləri daxil olmaqla ümumilikdə 200-dək nümayəndənin iştirakı gözlənilir. Xarici ölkə təmsilçiləri tədbirdə çıxış edərək öz təcrübələrini yerli həmkarları ilə bölüşəcəklər.
Əhatə etdiyi mövzu baxımından Azərbaycanda ilk dəfə keçirilən konfransda BŞH-nın yüksək rəsmiləri ilə yanaşı dövlət və iş dünyasının aparıcı nümayəndələri çıxış edərək müzakirlərdə yaxından iştirak edəcəklər. Bundan başqa, 2017 Formula 1 Çempionatında yer alan digər yarışların, o cümlədən Rusiya, Abu Dabi və Bəhreyn Formula 1 Qran Prilərinin təşkilatçıları konfransa qatılaraq beynəlxalq idman yarışlarına ev sahibliyindən əldə olunan faydalar haqqında ətraflı müzakirə aparacaqlar.
Birgünlük konfransda aşağıdakı rəsmilərin çıxışı nəzərdə tutulur:
- Azad Rəhimov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri
- Nazim Səmədov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini
- Nigar Arpadarai, BŞH-ın Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri
- Sergey Vorobyev, Formula 1 Rusiya Qran Prisinin promouteri
- Riçard Kreqan, F1 üzrə beynəlxalq məsləhətçi
- Fayez Rəmzi Fayez, Bəhreyn Beynəlxalq Halqasının Əməliyyatlar üzrə direktoru
- İlqar Vəliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti
- Todori Kalamaris, “Hilton Baku” hotelinin baş meneceri
- Davut Furkan Emen, “Shah Palace” hotelinin baş meneceri
Birgünlük konfrans irimiqyaslı idman yarışlarının digər ölkələrdəki təşkilatçıları ilə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrini bir araya gətirərək iştirakçılara qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün əlverişli imkan yaradacaq. Konfransda dünyanın müxtəlif yerlərindən iştirak edən qonaqlar yerli həmkarları ilə birlikdə irimiqyaslı idman yarışlarına ev sahibliyi etməyin önəminə dair müzakirələr aparacaq və bu tədbirlərin ölkəyə və yarışın keçirildiyi şəhərə gətirdiyi iqtisadi və sosial faydalardan danışacaqlar.
Konfransda çıxış edəcək mütəxəssislər mövzu ilə əlaqədar geniş məlumat verməklə yanaşı beynəlxalq idman yarışlarının keçirilməsi zamanı təşkilatçıların üzləşdiyi çətinliklər və fürsətlər barədə danışacaq və eyni zamanda belə tədbirlərdən maksimal şəkildə faydalanmanın yolları haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşəcəklər.
BŞH-nın icraçı direktoru Arif Rəhimov gələn həftə ölkədə baş tutacaq beynəlxalq konfransla bağlı belə münasibət bildirib:
“Biz Azərbaycanda ilk dəfə irimiqyaslı idman yarışının keçirilməsinin faydalarına dair konfrans təşkil etdiyimizə görə çox həyəcanlıyıq. Formula 1 yarışı Bakı və Azərbaycan üçün olduqca böyük önəmə sahibdir. 2015-ci ildə Avropa Oyunlarına uğurlu şəkildə ev sahibliyi etdikdən sonra Azərbaycanda yüksək səviyyədə təşkil olunan Formula 1 yarışı Bakını beynəlxalq miqyaslı idman yarışlarının mərkəzinə çevirib. Belə tədbirlərin keçirilməsinin ölkəyə faydaları çoxdur. Belə ki, bu tədbirlərin nəticəsində son illər Azərbaycana gələn turistlərin sayında böyük artım müşahidə olunur. Eyni zamanda mehmanxana sektorunda canlanma yaranıb və həmçinin bu yarışlar ölkəyə yeni xarici investisiyalar cəlb edib. Gələn həftə baş tutacaq konfransda xarici ölkələrdən yüksək rəsmilərin iştirakına görə olduqca şadıq və inanırıq ki, bu konfrans uğurla baş tutaraq ölkədə idman sektorunda yeni ənənə formalaşdıracaq”.
Konfransda nitq söyləyəcək Formula 1 Rusiya Qran Prisinin promouteri Sergey Vorobyev tədbir haqqında belə danışıb:
“İrimiqyaslı idman yarışlarının ev sahibi ölkəyə faydalarına dair Bakıda ilk dəfə baş tutacaq konfransa dəvət aldığım üçün çox şadam. Soçi Formula 1 yarışı keçirməklə özünü beynəlxalq idman cəmiyyətində geniş şəkildə tanıda bilib. Yerli təşkilatçılar, iş dünyası və dövlət qurumları arasında sıx əməkdaşlığın qurulması bütün tərəflər üçün uzun müddətli faydalar yaradacaq əsas faktordur. Bu konfrans dünyanın müxtəlif yerlərindən böyük təcrübəyə malik şəxsləri bir araya gətirərək iştirakçılara irimiqyaslı idman yarışlarının keçirilməsinə dair xarici mütəxəssislərin bilik və təcrübələri ilə yaxından tanış olmağa geniş fürsət yaradacaq və sosial, mədəni və iqtisadi yöndən belə yarışlardan maksimal faydalanmanın yollarını öyrənmək baxımından əvəzolunmaz imkanlar bəxş edəcək”
2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışı davam edir
2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif bilet seçimləri BŞH-nin rəsmi veb səhifəsi ilə yanaşı Bakı şəhərinin aparıcı alışveriş mərkəzlərində və həmçinin digər ictimai əhəmiyyətli yerlərdə olan bilet satış nöqtələrində alıcılara təqdim olunur. Qeyd edək ki, Azərbaycanda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun 2017-ci il tarixlərində Bakıda baş tutacaq.
Ötən həftədən etibarən təklif olunan bir və ikigünlük biletləri əldə edən şəxslər tribunalarda əyləşərək trekin müxtəlif yerlərindən yarışı izləməklə yanaşı dənizkənarı bulvar ərazisində yerləşən Formula 1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirlərində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər.
Tribunalar üçün nəzərdə tutulan birgünlük biletlərin qiyməti 70-125 AZN, ikigünlük biletlərin qiyməti isə 180-440 AZN arasında dəyişir. Qeyd edək ki, xarici valyuta ilə ödəniş edənlər üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.
Digər tərəfdən, qiymətləri 200-690 AZN arasında dəyişən 4 günlük biletlərin də satışı davam edir və bu biletləri əldə edənlər 2017 Formula Azərbaycan Qran Prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü - 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər.
Bundan başqa, yarışı ailəcə izləmək istəyənlərə 2-15 yaşlarında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi “Azyaşlı” biletləri təklif olunur. Həmçinin azarkeşlər müxtəlif mövqelərdən yarışı izləməyə imkan verən Ayaqüstü Yerlər üçün birgünlük biletlər də əldə edə bilərlər.
Yarış üçün bilet almaq və Bakıya səfəri indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi veb səhifəmizdən əldə edə bilərsiniz: www.bakucitycircuit.com/az
Daha ətraflı məlumat üçün bizimlə [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
1news.az