Azərbaycan əhalisinin sayı açıqlanıb
Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayı ilə bağlı növbəti statistikanı açıqlayıb.
1news.az-ın Komitəyə istinadən verdiyi xəbərə görə, Azərbaycan üzrə əhalinin sayı 2016-cı il ərzində 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 810 min nəfərə çatıb.
Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
2017-ci il yanvarın 1-i vəziyyətinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,9 faizi Bakı şəhərində, 20,2 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,3 faizi Lənkəran, 30,1 faizi isə digər iqtisadi rayonlarda yaşayır.
Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1049, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər birində 151, Gəncə-Qazax iqtisadi rayonunda isə 103 nəfər olub.
1news.az