İspaniyanın nəqliyyat naziri iki böyük qatar qəzasından sonra istefa verdi | 1news.az | Xəbərlər
Dünya

İspaniyanın nəqliyyat naziri iki böyük qatar qəzasından sonra istefa verdi

1news Redaksiyası15:00 - Bu gün
İspaniyanın nəqliyyat naziri iki böyük qatar qəzasından sonra istefa verdi

İspaniyanın nəqliyyat naziri Oskar Puente ölkədə baş verən və ümumilikdə 119 nəfərin həyatına son qoyan iki ağır qatar qəzasından sonra vəzifəsindən istefa verib.

1news.az xəbər verir ki, nazir bu il yanvarın 18-də və oktyabrın 28-də baş verən qatar qəzalarını istefa qərarına səbəb kimi göstərib.

Oskar Puente bildirib ki, İspaniya kimi bir ölkədə bir ildən az müddətdə iki belə ağır qəza baş verdikdən sonra nəqliyyat naziri vəzifəsində qala bilməz.

O, qəzadan xəbər tutduqdan bir neçə dəqiqə sonra istefa vermək qərarına gəldiyini, lakin təcili müdaxilə tədbirləri həyata keçirilənə, ilkin araşdırmalara başlanılana, zərərçəkənlərə kompensasiyaların ödənilməsi və dəmir yolu təhlükəsizliyinin artırılması istiqamətində ilk addımlar atılana qədər vəzifəsində qalmağı üstün tutduğunu deyib.

İspaniyanın Baş naziri Pedro Sançes isə Puenteyə fəaliyyətinə görə təşəkkür edib. O, nazirin qəzaların qurbanlarını prioritet hesab etdiyini və siyasi məsuliyyət nümayiş etdirdiyini vurğulayıb.

İspaniya dəmir yollarında süni intellekt tətbiq olunacaq

Puente istefasından əvvəl dəmir yolu təhlükəsizliyinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan yeni tədbirlərlə bağlı da açıqlama verib.

Onun sözlərinə görə, İspaniya maşinistlərlə dispetçerlər arasında aparılan danışıqları təhlil edərək mümkün anormallıqları müəyyənləşdirəcək və izləyəcək süni intellekt agentini dəmir yolu sisteminə inteqrasiya edən dünyada ilk ölkə olacaq.

Nazir bu texnologiyanın tətbiqində əsas məqsədin insan amili ilə bağlı səhvlərin baş vermə ehtimalını minimuma endirmək olduğunu bildirib.

“Bu cür mexanizm və ya texnologiyadan istifadə edən başqa bir dəmir yolu sistemi barədə məlumatımız yoxdur. Bu yolu seçən ilk ölkə biz olacağıq”, – deyə Puente qeyd edib.

O, həmçinin İspaniyanın dəmir yolu şəbəkəsinin real vaxt rejimində işləyən rəqəmsal modelinin yaradılacağını açıqlayıb.

İspaniyada iki qatar qəzasında 119 nəfər ölüb

Qeyd edək ki, İspaniyada bu il iki böyük qatar qəzası baş verib.

Yanvarın 18-də Kordova əyalətinin Adamus şəhəri yaxınlığında iki qatarın relsdən çıxması nəticəsində azı 45 nəfər həlak olub, 170 nəfər yaralanıb.

Oktyabrın 28-də isə Madrid–Əndəlüs marşrutu üzrə hərəkət edən iki sürətli qatar Kastiliya-La Mança bölgəsinin Toledo əyalətində toqquşub. Hadisə nəticəsində 74 nəfər ölüb, 98 nəfər yaralanıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər