Xərçənglə mübarizə aparan xəstələrin ikinci savaşı: Bahalı dərmanlar və keyfiyyət problemi | 1news.az | Xəbərlər
Mövqe

Xərçənglə mübarizə aparan xəstələrin ikinci savaşı: Bahalı dərmanlar və keyfiyyət problemi

Oksana Orucova14:32 - Bu gün
Xərçənglə mübarizə aparan xəstələrin ikinci savaşı: Bahalı dərmanlar və keyfiyyət problemi

Son illər onkoloji xəstəliklərin yayılması həm Azərbaycanda, həm də dünyada ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) qlobal hesabatlarına əsasən, dünyada hər il təxminən 20-21 milyon insana xərçəng diaqnozu qoyulur. Bu göstərici isə problemin miqyasının getdikcə genişləndiyini göstərir.

Onkoloji xəstələr xəstəliklə mübarizə aparmaqla yanaşı, müalicə prosesində bir sıra əlavə çətinliklərlə də üzləşirlər. Bu problemlərin başında isə dərman preparatlarının əlçatmaz qiymətləri dayanır. Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanların əksəriyyətinin xaricdən idxal edilməsi onların qiymətinin yüksək olmasına səbəb olur. Nəticədə, onsuz da ağır xəstəliklə mübarizə aparan insanlar müalicə xərclərini qarşılamaqda çətinlik çəkirlər.

Digər narahatlıq doğuran məqam isə Azərbaycanda satışda olan bəzi dərman preparatlarının keyfiyyəti ilə bağlı xəstələrin səsləndirdiyi şübhələrdir. Bəzi xəstələr yerli apteklərdən əldə etdikləri dərmanlarla xaricdən gətirilən eyni adlı preparatların təsirində fərq müşahidə etdiklərini bildirirlər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Səadət Məmmədova da öz şəxsi “Facebook” hesabında etdiyi paylaşımda son 3 ildir, anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini və dərmanları Türkiyədən alıb, keyfiyyətindən olduqca razı qaldıqlarını bildirib. Həmçinin jurnalist son dövrlərdə Türkiyədə onkoloji dərmanların qutusunun və son istifadə tarixinin dəyişdirilərək saxta formada satışa çıxaran şəbəkənin müəyyən edilməsi ilə bağlı xəbəri eşidən zaman keçirdiyi narahatlıqdan da danışıb:

Mövzu ilə bağlı yaxın zamanda xərçəng xəstəliyinə qarşı mübarizəyə başlamış və bu çətin mərhələni uğurla geridə qoymuş Gülşən Şəriflə həmsöhbət olduq. O, müalicə müddətində qarşılaşdığı çətinliklərdən, dərman təminatında yaşadığı problemlərdən və bunun yaratdığı narahatlıqlardan 1news.az-a danışdı.

Gülşən Şərif açıqlamasında bildirdi ki, 500 manat dəyərində olan dərmanı tapa bilmədiyi üçün onun əvəzinə 70 manatlıq alternativ preparat əldə edib. Lakin həmin dərmanın istifadəsindən sonra orqanizmində əks təsirlərlə qarşılaşıb. Bu hadisə isə onkoloji xəstələrin dərman seçimi və keyfiyyətli preparatlara çıxış imkanları ilə bağlı problemləri bir daha gündəmə gətirir. Şərifin açıqlamasını təqdim edirik:

“Xəstəliyimlə bağlı diaqnoz təyin olunandan sonra onkoloqum 8 kurs kimyoterapiya alacağımı bildirmişdi. İlk kimyoterapiyam ötən ilin 4 noyabr tarixində başladı. Kimyoterapiya dərmanlarımla bağlı iki seçimim vardı: Ya dərmanları özüm tapıb almalıyam, ya da elə müalicə aldığım xəstəxana ödənişli əsaslarla dərmanlarla təmin edəcək”.

Gülşən xanım bu halda ikinci variantı seçdiyini və ona əsasən ödəniş etdiyini bildirdi:

“Mən ikinci variantı seçdim. Ona görə kimyoterapiyaya gedəndə yalnız ödəniş olunurdu. Dərmanlarım Türkiyə istehsalı idi və effektiv təsiri var idi. Mənim əlavə dərman ehtiyacım kimyoterapiyanın fəsadlarını yaşadığım zamanlarda olurdu. Müalicə dövründə sistem üçün aldığım dərmanların keyfiyyəti ilə bağlı problem yaşamadım. Lakin cəmi bir dəfə ciddi problemlə üzləşmişdim”.

Gülşən xanım qanında trombositlərin aşağı düşdüyü vaxtlardan da danışdı. Trombositləri yenidən qaldırmaq üçün nəzərdə tutulan bahalı dərmanın əvəzedicisindən istifadə etdiyini və həmin dərmanın əkstəsir göstərdiyini diqqətə çatdırdı:

“Son kimyoterapiyama yaxın qanımda trombositlər ciddi şəkildə aşağı düşmüşdü. Normalda qadınlarda trombosit göstəricisi bir mikrolitr (mcL) qanda 150 000 ilə 450 000 arasında olmalıdır. Məndə isə kimyoterapiyanın təsirindən 32 000-ə düşmüşdü. Trombosit aşağı olduğu üçün kimyoterapiya da  edə bilmirdilər. Ona görə də onkoloqum məni hematoloqa yönləndirdi. Müəyyən analizlərdən sonra mənə 2 həftəlik "Metipred" dərmanı yazıldı. Bu dərmanın qiyməti 500 manatdır və tapmaq çətindir. Mən də tapa bilmədim. Apteklərdən biri mənə bu dərmanın əvəzləyicisini məsləhət gördü və bildirdi ki, tərkibi eynidir. Qiyməti isə cəmi 70 manat idi. Həmin dərmanı 2 həftə  qəbul etdim. Bu isə mənim halımı daha da pisləşdirdi. Trombosit 32 000-dən 23 000-ə düşmüşdü.”.

G.Şərif yenidən həmin dərmanı gətizdirdiklərini və onu qəbul etdikdən sonra trombosit göstəricilərinin düzəlməyə başladığını vurğuladı:

“Hematoloqun ilk dəfə üçün yazdığı "Metipred" dərmanını sifarişlə gətizdirdik və onu qəbul edəndən sonra trombosit göstəricisi düzəlməyə başladı. Yəni, demək istədiyim odur ki, onkoloji xəstəliklərdə əvəzləyici dərmanlar o qədər də effektiv olmur. Əvəzləyici dərmanların istehsal olunduğu ölkə və qiyməti nisbətən ucuz olur ki, bəzən vətəndaşlar maddi xərcə görə bu dərmanlara üz tuturlar”.

Gülşən Şərif onkoloji xəstəliklərlə mübarizə aparan insanlara məsləhət görüb ki, bu dərmanları alarkən elə müalicə aldıqları xəstəxanadan almaqları daha məqsədəuyğundur. Kənardan almaq istəyəndə isə hansı ölkədə istehsal olunduğuna və tərkibinə mütləq şəkildə ehtiyatla yanaşmaq lazımdır:

“ Məlumdur ki, onkoloji xəxtəliklərin müalicəsi kifayət qədər böyük məbləğlər tələb edir. Ona görə də əksər xəstə və xəstə yaxınları düşünürlər ki, yazılan dərmanın ucuz qiymətə olanını tapanda qabağa düşürlər. Halbuki bu "qabağa düşmək" insanı xoşagəlməz hallarla üzləşdirə bilir. Ümumilikdə isə onkoloji dərmanlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Təəssüf ki, bu isə dərmanların qiymətlərinin daha baha olmasını qaçılmaz edir”.

Məsələ ilə bağlı Səhiyyə üzrə ekspert Aydın Əliyev açıqlama verib.

Ekspert açıqlamasında təsdiq edib ki, onkoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman preparatları çox bahadır:

“Onkoloji xəstələrin müalicəsi üçün zəruri olan dərman preparatlarının əksəriyyəti olduqca bahadır. Bunun birinci səbəbi ölkəmizdə həmin dərmanların yerli istehsalının olmamasıdır.

İkinci səbəb isə dərman bazarında monopoliyanın mövcud olmasıdır. Bildiyimiz kimi, dərman preparatlarını ölkəyə yalnız müəyyən şəxslər və şirkətlər idxal edə bilir, digər şirkətlərə isə bu imkanı vermirlər. Bu da bazarda inhisarçılıq yaradır. İnhisarçılıq şəraitində isə həmin şirkətlər qiymətləri öz maraqlarına uyğun şəkildə müəyyənləşdirə bilirlər”.

Aydın Əliyev həmçinin iddia edib ki, dərman preparatlarının anbarlarda və apteklərdə saxlanma şəraitinə də lazımi səviyyədə nəzarət edilmir:

“Bundan əlavə, dərman preparatlarının keyfiyyətinə nəzarət məsələsi də mənim üçün ciddi suallar doğurur. Çünki xəstələr bildirirlər ki, eyni adlı dərmanı ölkəmizdəki apteklərdən alıb istifadə etdikdə gözlənilən effekti görmürlər. Lakin həmin dərmanı Türkiyədən və ya digər ölkələrdən gətizdirdikdə, yaxud Almaniya apteklərindən əldə etdikdə müalicənin daha təsirli olduğunu müşahidə edirlər. Bu səbəbdən dərmanların keyfiyyəti ilə bağlı müəyyən şübhələr yaranır. Eyni zamanda, bildiyim qədərilə, dərman preparatlarının anbarlarda və apteklərdə saxlanma şəraitinə də lazımi səviyyədə nəzarət edilmir.

Bütün bu məsələlərdə ciddi boşluqlar mövcuddur və onlar mümkün qədər tez aradan qaldırılmalıdır”.

Ekspert açıqlamasında, onkoloji xəstəliklə mübarizə aparan xəstələrin paralel olaraq ciddi maddi çətinliklə üzləşdiklərinə məyus olduğunu da etiraf edib:

“Çox təəssüf ki, onkoloji xəstələr ağır xəstəliklə mübarizə aparmaqla yanaşı, ciddi maddi çətinliklərlə də üzləşirlər. Onların əksəriyyətinin maddi imkanları zəifdir. Müalicə xərclərini qarşılamaq üçün başqa insanlardan borc alır, banklardan kredit götürür, avtomobillərini, hətta bəziləri evlərini satmaq məcburiyyətində qalırlar.

Təəssüf ki, bu problem hələ də öz həllini tapmayıb və təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var. Çünki onkoloji xəstəliklər həm dünyada, həm də ölkəmizdə geniş yayılıb və ən çox rast gəlinən xəstəlik qruplarından biridir. Onkoloji xəstəliklər ölüm səbəbləri arasında da ilk sıralarda yer alır”.

Son olaraq Aydın Əliyev qeyd edib ki, Bütün bunlara baxmayaraq, onkoloji xəstəliklərin müalicəsinin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilməməsi ciddi problemdir.

O, hesab edir ki, bu məsələ ən qısa zamanda həll olunmalı, onkoloji xəstələrin müalicəsi icbari tibbi sığorta təminatına daxil edilməlidir ki, insanlar öz sağlamlıqlarını qorumaq naminə maddi fəlakətlə üzləşməsinlər.

Sözardı
Onkoloji xəstəliklə mübarizə insanın həyatında onsuz da ağır və həssas bir mərhələdir. Bu mübarizənin üzərinə dərmanların yüksək qiyməti, bəzi preparatları tapmaqda çətinlik və onların keyfiyyəti ilə bağlı narahatlıqlar da əlavə olunanda xəstələr üçün vəziyyət daha da mürəkkəbləşir.

1news.az-ın hazırladığı materialda xəstənin şəxsi təcrübəsi və ekspertlərin fikirləri əsasında dərman təminatı, qiymət və keyfiyyət məsələləri gündəmə gətirilir. Səsləndirilən iddialar aidiyyəti qurumların mövqeyi və rəsmi məlumatlarla da araşdırılmalı olan ciddi suallar doğurur.

Çünki xəstənin əsas diqqəti dərmanı haradan və hansı qiymətə tapacağına deyil, müalicəsinə və sağalmasına yönəlməlidir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər