Mal ətinin qiyməti qalxıb
Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb. Son günlər paytaxtda 1 kq mal əti 11-12 manata müştərilərə təklif olunur.
1news.az xəbər verir ki, Azvision.az-ın yazdığı xəbərə görə, ət satışı ilə məşğul olan şəxslər bahalaşmanı iribuynuzlu heyvanların sayının azalmasında və örüş sahələrinin əkin sahələrində çevrilməsində görürlər.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, örüş sahələrinin əkin yerlərinə çevrilməsi ətin qiymətinə təsir edə bilməz:
“Statistik göstəricilərə görə, ölkə üzrə ət istehsalı artıb. Hazırkı dövrdə yemin mövcud bazardakı qiymətinin artmasının ətin qiymətinə ciddi təsiri yoxdur. Kənd təsərrüfatı məhsullarının 100 faizə qədər istehsalı özəl sektorun payına düşür və bazar iqtisadiyyatının tələblərindən asılı olaraq qiymətlər liberaldır və həmin sahibkar istehsal etdiyi məhsulun qiymətini özü müəyyən edir.
İkinci tərəfdən son illərdə heyvandarlıq təsərrüfatlarında ciddi ixtisaslaşma gedir. Məsələn, 27 böyük həcmli heyvandarlıq təsərrüfatında bir gündə 200 ton süd istehsal olunur. Bu, o deməkdir ki, təsərrüfat ixtisaslaşıb. Eyni zamanda heyvanın sayında cüzi azalma müşahidə olunsa da məhsul istehsalında artım var. Kifayət qədər məhsul istehsal etməyə nail olmaq üçün heyvanların sayını artırmaq heç də şərt deyil. İxtisaslaşma imkan verir ki, hər heyvandan alınan məhsulun miqdarı artıq olsun”.
Q. Əbdüləliyev qeyd edib ki, ətin qiymətinin dəyişməsi kənd təsərrüfatı və istehsal olunan məhsulla əlaqədar deyil:
“Heyvandarlıq məhsullarının hamısının istehsalında artım dinamikası mövcuddur. İldən-ilə artım izlənilir. Digər istehlak malları, xidmətlər, təsərrüfatda istifadə olunan başqa avadanlıq və vasitələrinin qiymətlərində dəyişiklik olduqca, buna münasib olaraq ət istehsal edənlər də ətin qiymətini qaldırırlar. Bunu ancaq bu cür şərtləndirmək olar. Məsələn, ötən il istehsalçı fermer 15 aylıq qaramalı satanda hər hansı texnologiyanı ala bilirdi. Amma bu gün həmin texnologiya, xidmət və s. almaq üçün iki qaramal satmalıdır. Fermer bu səbəbdən qiymətdə dəyişiklik etməyə məcbur olur”.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, mal ətinin qiymətində artım müşahidə edilmir:
“Mal ətinin qiyməti 10 manatdır. Qiymət stabil olaraq qalır. Son vaxtlar ciddi qiymət artımı müşahidə olunmur. Xüsusilə yarmarkalarda heyvan mənşəli məhsulların qiymətləri dəyişməyib. Yarmarkada uzun müddətdir ki, mal ətinin qiyməti 7-8 manat arasında dəyişir. Ola bilsin ki, bəzi yerlərdə mal ətinin qiyməti 11 manat olsun, Bakı ətrafı qəsəbələrdə 10 manata təklif olunur. Özüm şənbə günü Mehdiabaddan 10 manata mal əti almışam. Qiymət artımı sadəcə mövsümlə bağlıdır”, - deyə nazirlik rəsmisi vurğulayıb.
1news.az