Azərbaycan ilə Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir
Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə bu il Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnunluq ifadə edilib.
Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana son səfəri və hər iki ölkə başçısının beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir.
Görüşdə, həmçinin nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi qeyd edilib.
1news.az