Ötən il BTC kəməri ilə 33,5 milyon ton xam neft ixrac olunub
Keçən il Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 33,5 milyon ton (251 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 313 tankerə yüklənib.
“BP-Azerbaijan” şirkətindən 1news.az-a verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2016-cı ilin sonunadək BTC ilə ümumilikdə təxminən 2,61 milyard barrel (349 milyon ton) xam neft nəql olunub və Ceyhan limanında 3 min 425 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Ötən il BTC üzrə əməliyyat xərclərinə təqribən 118 milyon dollar, əsaslı xərclərə isə 58 milyon dollar sərf edilib.
“BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.
1news.az