Gürcüstan parlamentarisi: Xocalı faciəsinə düzgün qiymət verməliyik ki, bu cür hadisələr bir daha təkrarlanmasın

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonundan seçilən deputat, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının üzvü Savalan Mirzəyev parlamentin fevralın 22-də keçirilmiş iclasında Xocalı soyqırımı ilə bağlı çıxış edib.
S.Mirzəyev bildirib ki, düz 25 il əvvəl - 1992-ci il fevralın 26-da baş verən hadisə Qafqaz xalqlarının tarixinə qara hərflərlə yazılıb. O, azərbaycanlıların yaşadığı Xocalı şəhərində törədilən faciədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyini diqqətə çatdırıb. O deyib: “Bizlər bu tribunadan uca səslə Xocalı faciəsini yada salmalıyıq və bu faciəyə düzgün qiymət verməliyik ki, bu cür hadisələr nə bizim bölgədə, nə də bütün dünyada təkrarlansın. Qafqazda müharibələr bitməlidir, biz mütləq Qafqaz xalqlarının birlik və sülh mühitində yaşamasına nail olmalıyıq”.
S.Mirzəyev sonra mətbuata açıqlama verib. O deyib: “Gürcüstan –Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olub və əsrlər boyu da belə davam edəcək. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz azərbaycanlı deputatlar olaraq mənəvi borcumuzu yerinə yetirdik və Xocalı soyqırımı ilə bağlı məsələni parlamentin tribunasından qaldırdıq”.
Deputatın sözlərinə görə, əvvəlki illərdə qarşı tərəfin cəhdlərindən müdafiə olunurduqsa, bu dəfə Xocalı faciəsinə ədalətli, hüquqi qiymətin verilməsi tələbi ilə çıxış etdik. Xocalı faciəsi əsrin ən dəhşətli hadisəsidir, əsl soyqırımıdır. Bu, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Xocalı hadisələrini hər kəs tanımalıdır.
AZƏRTAC