Mübariz Əhmədoğlu: Hakim “Respublika” partiyasının birinci beşliyi erməni cəmiyyətinin ideoloji çürüklüyünün göstəricisidir

Aprelin 2-nə nəzərdə tutulmuş parlament seçkilərinə hazırlığın gedişi Ermənistan cəmiyyəti üçün xasdır. Amma hakim “Respublika” partiyasının partiya olaraq fundamental məsələlərə münasibəti nəinki siyasətin, hətta cəmiyyətin təhqir olunması anlamındadır.
Partiyanın sədri, prezident S.Sərkisyanın təklifi ilə bu partiya təxminən 4 ay bundan qabaq partiyanın üzvü olmayan, özgə ölkənin vətəndaşı, deputatlığa namizədliyini irəli sürməyə hüquqi statusu çatmayan şəxsin baş nazir olmasına razılıq verdi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda keçiriləcək parlament seçkiləilə bağlı xəbəri şərh edərkən bildirib:
“Parlament seçkilərində iştirak üçün siyahının elan olunması daha böyük rüsvayçılığı ortalığa qoydu. Dörd ay bundan qabaq Mədəniyyət Naziri təyin olunmuş, ay yarım bundan əvvələdək heç bir şərt daxilində hakim “Respublika” partiyasının üzvü olmayacağını bildirən Armen Amiryan partiya siyahısında birinci beşlikdədir. ABŞ-da 5 malikanəyə malik olması onun belə sıçrayışına vacib stimul kimi qəbul edilə bilər. A.Amiryan K.Karapetyanın təyin etdiyi nazirlər içərisində prezident S.Sərkisyanla görüşən yeganə nazirdir. Partiyada 15 ildən çox üzvlük təcrübəsi olan və faktiki partiyanın təbliğində aktiv rol oynayan A.Aşotyan və E.Şarmazanov birinci beşliyə düşmədi.
Ədliyyə naziri Arpine Ovannisyan partiya təcrübəsi çox illik olan qadınları qabaqlayaraq birinci beşliyə düşdü. Arpine Ovannisyan gözəllik yarışmasında iştiraka iddialı ola bilər. Ədliyyə naziri təyini ərəfəsində əvvəl onun prezidentin, yoxsa keçmiş baş nazirin qadını olması ilə bağlı mübahisələr başlanmışdı. Bu qadın siyasi dünyagörüşü baxımından qüsurludur. Bioloji təmiz türkü insan hesab etmir. Bu ksenofob düşüncəli qadın Ermənistanda parlamentin spikeri, minimum vitse-spiker ola bilər. Parlamentin sədri “Taşir” qrupunun başçısı Samvel Karapetyanın qardaşı Karen Karapetyan olmalı idi. Prezident S.Sərkisyan Kremli yenidən aldatmaq niyyətindədir”.
Politoloq qeyd edib ki, Yerevan şəhərinin meri T.Marqaryanın adının birinci beşlikdə olması atasının uzun müddət “Respublika” partiyasına rəhbərlik etməsi ilə əlaqəli deyil:
“T.Marqaryan və Vigen Sərkisyan indiki baş nazir K.Karapetyanın əleyhdarlarıdır. K.Karapetyan Yerevan şəhərinin meri vəzifəsində işləmişdi. O zaman hakim “Respublika” partiyasını təhqir etdiyinə görə S.Sərkisyan onu həbs etdirmək istəyirdi, K.Karapetyan ölkədən qaçdı. Onun yerinə T.Marqaryan təyin olundu. Baş nazir təyin olunduqdan sonra K.Karapetyanın T.Marqaryanı paytaxt merliyindən uzaqlaşdırmaq niyyəti çox ciddi idi. Prezident hökuməti paytaxt merini işdən uzaqlaşdırmaq səlahiyyətindən məhrum etdi”.
M.Əhmədoğlunun fikrincə, S.Sərkisyanın niyyəti bəlli olur:
“Birinci beşlik baş nazir K.Karapetyanın əleyhinə formalaşdırılır. Çünki K.Karapetyan prezidentə aid olan bir sıra səlahiyyətlərə müdaxilə edir; Moskvada olarkən erməni diasporunun təmsilçiləri ilə görüşdü. Hal-hazırda isə ABŞ və Aİ səfirləri ilə xüsusi münasibətdədir. Yəni Rusiyanın adamı olmaqla yanaşı, həm də özünü Qərbin adamı kimi təqdim etmək istəyir. Ermənistanda S.Sərkisyandan başqa heç kim eyni vaxtda həm Qərbin, həm də Rusiyanın adamı ola bilməz.
Amma S.Sərkisyanın başqa niyyəti də ola bilər. Görünür, bütün bu işləri rüşvət müqabilində edib. Yəqin ki, ermənilərdən kimsə S.Sərkisyana prezidentlik vəzifəsini satmağı da təklif edəcək”.
1news.az