Lapşinin yeni vəkili müvəkkili ilə görüşündən danışdı
Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin ailəsi tərəfindən tutulan vəkil Trend-ə eksklüziv açıqlama verib.
Vəkil A.Lapşinin anası ilə müqavilə bağladığını təsdiqləyib və bildirib ki, o, 1 saylı Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb: "Anası Bakıya gəlib mənimlə müqavilə imzaladı. Hazırda A.Lapşinin hüquqlarını müdafiə edirəm. Orderi də istintaqa təqdim etmişəm. Lapşinlə də görüşdüm, onun saxlanma şəraiti və səhhəti ilə maraqlandım. Lapşin deyir ki, təcridxanadan heç bir şikayəti yoxdur, səhhəti normaldır. Lapşini Rusiya və Belarus səfirliklərinin əməkdaşları da nəzarətdə saxlayır. Heç bir problem yoxdur".
Vəkil bildirib ki, o, Lapşinin ailəsi tərəfindən təyin edilmiş ilk vəkildir: "Səfər Hüseynov Lapşinə dövlət tərəfindən təyin olunan vəkildir, mən isə ailəsi tərəfindən. Hələlik Lapşinin S.Hüseynovdan imtina edib-etməməsi barədə məlumat yoxdur. İstintaq isə hələ davam edir. Yaxın vaxtlarda istintaq yekunlaşa bilər, amma nə vaxt, onu bilmirəm".
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.
Təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycana ekstradisiya olunduqdan dərhal sonra – fevralın 8-də Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin Azərbaycandakı səfirliklərinə rəsmi məlumatlar təqdim edilib.
Fevralın 8-də cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada təqsirləndirilən şəxs A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.
A.Lapşin Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar olunmayıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Trend