Elmar Məmmədyarov: Nalbandyan bizə münaqişənin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb
“Təəssüflər olsun ki, Qarabağ münaqişəsi üzrə nikbin deyiləm. Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini müsbət qiymətləndirmək imkanı vermədi. Erməni həmkarım hər zaman Azərbaycanı konstruktivsizlikdə ittiham edir. Lakin özü yaxşı bilir ki, həqiqətdə problemin həllinə mane olur”.
Bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf ilə birgə keçirilən brifinq zamanı məlumat verib.
Nazir qeyd edib ki, martda Moskvaya səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşərkən iki ölkə arasında əlaqələr və beynəlxalq arenada əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcəklər, eləcə də münaqişənin nizamlanması prosesi ilə bağlı lazımi addımların atılması, status-kvonun dəyişdiriılməsinə nail olacağını bildirib:
“Hər kəs bilir ki, münaqişə necə həll olunmalıdır. Artıq yazılmış plan da var və biz sətirbəsətir onu müzakirə etdik. Anlayırıq ki, münaqişə bütünlüklə bir günə həll olunan deyil. Lakin ilkin mərhələdə əsgərlər heç olmasa kazarmalara qayıtmalıdır”, - deyən nazir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutur.
Həmçinin nazir martda ATƏT-in Minsk qrupu həmsədərlərinin regiona səfərinin gözlənildiyini də vurğulayıb:
“Yeganə texniki problem onların Azərbaycan və Ermənistana səfərləri ilə məsələsidir”.
Bununla yanaşı, Mahmud Əli Yusuf xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi ölkəsinin bu təşkilatın üzvü olduğu müddətdə qəbul edilib. Cibuti bu qətnamələrin qəbulunda çox səylər sərf edib.
Həmçinin o, qeyd edib ki, yaxın zamanlarda Cibuti parlamentinin Xocalı soyrımı ilə bağlı qəbul etdiyi qətnamə bu ölkənin Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyini əks etdirir.
1news.az