Hikmət Hacıyev: Özünü elm xadimi adlandıran şəxslər maddi-mədəniyyət abidələrinin saxtalaşdırılması ilə məşğul olmamalıdırlar
Bu şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib, ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparır, bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar – gizli və aldatma yolu ilə keçiriblər. Onların bu kimi hüquqazidd əməlləri Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin də ciddi şəkildə pozulmasıdır.
1news.az-a XİN-dən verilən xəbərə görə, bunu mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə bildirib:
“İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq (Dr. Tania King) və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir ki qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur.
Bu kimi fəaliyyətləri ilə onlar Azərbaycan Respublikasının qanunları ilə barəbər, beynəlxalq humanitar hüququ, YUNESKO–nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvesiyanın (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozublar.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəlik qoyur.
Təəssüflər olsun ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyi, Böyük Britaniyanın Blandford Tarix Muzeyi öz əməkdaşlarının Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq konvensiyalara zidd əməllərinin qarşısını almaq üçün zəruri tədbirlər görməyiblər. Diplomatik nümayəndəliklərimiz tərəfindən bu şəxslər və onların çalışdıqları muzeylərə dəfələrlə xəbərdarlığın verilməsinə baxmayaraq, buna məhəl qoymayıblar. Onların bu fəaliyyətini yalnız XIX əsrin sonu XX əsrin əvvəllərində müstəmləkə ərazilərində aparılan, 2003-cü ildən sonra İraqda geniş həyata keçirilən arxeoloji oğurluq və talan ilə müqayisə etmək olar. Özünü elm xadimi adlandıran şəxslər maddi-mədəniyyət abidələrinin talan edilməsi, oğurlanması və saxtalaşdırılması ilə məşğul olmamalıdırlar.
Təsadüfi deyil ki, işğal olunmuş ərazilərdə Azərbaycana aid maddi-mədəniyyət və arxeoloji abidələrin talan siyasətini yürütdüyü üçün Ermənistan YUNESKO tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət abidələrinin monitorinqinin aparılmasına imkan vermir.
Azıx mağaralarında aparılan qanunsuz tədqiqatların “rəhbərlər”indən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyandır.
Levon Yepiskopyanın rəhbərliyi altında bu əcnəbi vətəndaşların Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq apardıqları arxeoloji qazıntı işləri barədə Springer nəşriyyatı 2016-cı ildə “Azokh Caves and the Transcaucasian Corridor”(“Azox mağarası və Transqafqaz dəhlizi”) adlı kitab dərc edib.
Baş Prokurorluq bu şəxslərin qanunsuz fəaliyyəti ilə əlaqədar cinayət işi açıb və bu xüsusda zəruri əməliyyat-istintaq hərəkətləri atılır.
Diplomatik kanallar vasitəsilə həmin şəxslərin vətəndaşlığını daşıdığı ölkələr də cinayət işinin açılması barədə məlumat veriləcəkdir. Bu məsələ təkrarən YUNESKO çərçivəsində də qaldırılacaqdır”.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az