“Qarabağ” məğlub oldu, “Qəbələ” liderliyi ələ keçirdi
Fevralın 28-də Topaz Premyer Liqasının XX turunun sonuncu oyununda “Qarabağ” komandası “İnter”ə məğlub olaraq çempionatda liderliyi əldən verib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, “Azərsun Arena”da oynanılan görüş qarşılıqlı hücumlar şəraitində keçib.
Komandaların cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsində hesab açılmayıb.
Matçın taleyini müəyyən edən yeganə qol matçın 72-ci dəqiqəsində qeydə alınıb. “İnter”in futbolçusu Zurab Xizanişvili ağdamlıların qapısına yol tapıb. Qalan dəqiqələrdə “Qarabağ”ın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və görüş “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
XX turdan sonra çempionatdakı ikihakimiyyətliliyə son qoyulub. Bu gün Gəncədə “Kəpəz” ilə oyunda heç-heçədən (1:1) sonra aktivində 43 xal olan “Qəbələ” turnir cədvəlinə başçılıq edir. “Qarabağ” 42 xalla ikinci, “İnter” isə 36 xalla üçüncü sıradadır. Digər yerlərdə isə müvafiq olaraq, “Zirə” (26 xal), “Sumqayıt” (25), “Neftçi” (20), “Kəpəz” (17) və “AZAL” (18) komandaları qərarlaşıblar.
1news.az