Hava şəraiti pisləşəcək: Bakıda yağış, rayonlarda qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 11-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin çiskinli olacağı, gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Meteoroloqların xəbərdarlığına görə, martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
1news.az