Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 160-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-170 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 221 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Surrada 4, Bankədə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 390 sm (2016-cı il martın 13-də 416 sm), Şirvanda 247 sm (2016-cı il martın 13-də 297 sm), Salyanda 188 sm (2016-cı il martın 13-də 222 sm), Bankədə 179 sm (2016-cı il martın 13-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il martın 13-də 130 sm) təşkil edir.
1news.az