Bu gün İlaxır çərşənbədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün İlaxır çərşənbədir

09:10 - 14 / 03 / 2017
Bu gün İlaxır çərşənbədir

Ölkəmizdə baharın nəfəsi duyulur. Yazın gəlişinə işarə edən Novruzun üç - Su, Od və Yel çərşənbələrini geridə qoymuşuq.

Bu gün isə xalq təqvimi ilə Boz ayın sonuncu - dördüncü çərşənbəsi olan Torpaq çərşənbəsidir.

1news.az xəbər verir ki, xalq arasında bu çərşənbəyə “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də deyilir.

Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. Əski inanclara görə, bu gündə torpaq oyanır, nəfəs alır və artıq əkinə, toxum səpininə hazır olur.

Bu çərşənbədə torpağa canlanma gəlir, o, öz qarını-buzunu əridir, toxumunu cücərdir. Ağaclar yuxudan oyanaraq tumurcuqlanmağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır.

Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

Axır çərşənbə günü bütün evlərdə bayram süfrəsi açılır, süfrələrə bərəkətli nemətlər qoyulur. Novruz süfrəsinə bol nemətlərin düzülməsi yeni başlanacaq ilin bərəkətli, firavan olmasının simvoludur.

Cürbəcür yeməklər, əsasən aş bişirilir, süfrəyə paxlava, şəkərbura, şorqoğalı, badambura və s. şirniyyatlar qoyulur. Bayram xonçaları bəzədilir. Bayram xonçasının ortasına yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur, ətrafı isə rəngbərəng boyanmış yumurta, qoz, fındıq, badam, innab, kişmiş, müxtəlif meyvələrin qurusu və şirniyyatlarla bəzədilir, ailə üzvlərinin sayı qədər şam yandırılır.

Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Süfrədə bərəkətli, bişirdikcə çoxalan nemətlər olmalıdır. Məsələn, düyü, yarma, noxud kimi artımlı ərzaqlardan yeməklər hazırlanmalıdır. Bundan əlavə, xalqın inancına görə, Torpaq çərşənbəsində gövdəsi torpağın üstündə, meyvələri torpağın altında olan nemətlərdən süfrəyə düzülməlidir. Məsələn, yerfındığı, kartof və müxtəlif bu kimi çərəzləri göstərmək olar. Süfrəyə yeddi cür nemətin qoyulması isə müqəddəs sayılan 7 rəqəminin uğur gətirəcəyinə işarədir.

İlaxır çərşənbə ölkəmizin əksər bölgələrində böyük təmtəraqla qeyd olunur. Bu çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə zəngindir. Çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Torpaq çərşənbəsində insanlar torpaq sahələrinə çıxır, torpağı təmizləyir, bostan və dirriklərdə müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır: Küsülülər barışır, evlərdə üzərlik yandırılır, həyətlərdə tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır.

Bu gün üçün vacib sayılan adətlərdən biri də digər Novruz çərşənbələrində olduğu kimi tonqallar qalamaqdır. İnsanlar ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaqla azar-bezarlarını yandırar.

Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da “Ağırlığım-uğurluğum odda yansın”. İnanca görə, tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir.

Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Axır çərşənbə günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır. Həmin gün insanlar öz qohumlarını yad edir və onlara qonaq getməyə başlayırlar, həmçinin dünyalarını dəyişmiş insanları da yada salmaq lazımdır. Lakin ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.    

Bu bayram günlərində şikəstlərə, əlillərə əl tutmaq və valideyni olmayan uşaqlara yaхşılıq etmək həmin insanın savaba girməsi ilə nəticələnir.

Qulaq falı

Torpaq çərşənbəsinin adətlərindən biri də qulaq falına çıxmaqdır. Belə ki, arzu və niyyəti olanlar qapı-qapı gəzərək qulaq falına çıxırlar. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

İlin axır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub, qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könül açan söhbətlər edilməlidir.
   
Qulaq falına çıxanlar axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir, əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
      
Axır çərşənbə inancları

Torpaq çərşənbəsi ilə bağlı qədim dövrlərdən qalan bir çox inanclar da mövcuddur. Bu inanclara görə, axır çərşənbə gecəsi tez yatmazlar. Yatanda əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Susuzluqdan gecə yuxuda su görünməlidir. Kimsə içməyə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz.

Torpaq çərşənbəsi günündə evdən neft, kibrit, ağartı qidaları, un, hətta pul verilməsi düzgün hesab olunmur.

İlk çərşənbədən başlayaraq, axşamçağı heç kəsə ələk, maya verməzlər. Vacib olsa, diləyə gələnin başından kəlağayısını, yaylığını götürüb sonra verərlər. Çərşənbələrdə yas yerinə, hüzrə, qəm evinə, qəbir üstünə getməzlər.

Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.
   
Axır çərşənbədə gün çıxmamış su üstündən atlanarlar. Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlayarlar. Axır çərşənbədə qorxanların başından su töküb qorxunu alarlar. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər.

Axır çərşənbə gecəsi evdə qazan asarlar. Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salıb, vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.

Torpaq çərşənbəniz mübarək!

1news.az

 

Paylaş:
1157

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər