Ziyafət Əsgərov: Azərbaycan Prezidentinin Fransa səfəri xüsusi əhəmiyyətə malikdir
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri bir çox cəhətlərdən xüsusi əhəmiyyət kəsb edir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikri dövlətimizin başçısının Fransaya səfərini şərh edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.
Ziyafət Əsgərov qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın destruktiv mövqeyini bir daha Fransa dövlətinin başçısının nəzərinə çatdırdı:
“Azərbaycan Prezidenti Fransa Milli Assambleyasının və Senatının sədrləri ilə görüşlərində də bu məsələni xüsusi vurğuladı. Bu səfər həqiqətən də önəmli səfərdir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bölünməzdir, toxunulmazdır. Bu məsələ həmsədr dövlət kimi həmişə Fransanın gündəmində qalmalıdır. Prezidentlərin görüşündə bu məsələlərin müzakirəsi Azərbaycan üçün çox vacibdir.
Məlumdur ki, dövlətimizin başçısının səfərindən əvvəl Ermənistan prezidenti də Fransaya səfər etmişdi. Prezident Fransua Ollandın bəyanatı Ermənistan prezidentinin verdiyi bəyanatların hamısının yalan olduğunu sübut etdi. Məlum oldu ki, həmişəki kimi, Ermənistan prezidenti və onun komandası dezinformasiya ilə məşğuldurlar. Azərbaycan Prezidenti məsələni konkret qoydu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
1news.az