Mübariz Əhmədoğlu: Vigen Sərkisyan gopologiya və erməni məntiqində yeni səhifə açdı
Dünyanın ən intellektual qurumlarından biri olan Valday klubunun Ermənistanda görüş keçirməsi və görüşdə Ermənistan tərəfdən birinci skripka rolunda Ermənistanın müdafiə naziri Vigen Sərkisyanın iştirakı və standartdan kənar açıqlamaları diqqəti çəkir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, V.Sərkisyanın standartdan kənar çıxışları dedikdə onun normal məntiqə sığışmayan savadsızlığı və biçimsizliyi ilə seçilən fikirlərini nəzərdə tutur:
“KTMT üzvlərinə istinadən V.Sərkisyan Leninin məşhur “solluq uşaq xəstəliyi” ifadəsini işlədir. Nəinki normal insan, hətta Valday klubunun üzvləri öz intellektləri ilə bunların arasında əlaqəni tapa bilməzlər. Şizofrenik maniya vaxtı V.Sərkisyan belə deməli idi və dedi. V.Sərkisyanın Rusiya-Türkiyə münasibətlərinə Ermənistanın dəyərləndirməsini açıqlaması da eyni ilə bu qəbildən qəbul olunmalıdır”.
M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın NATO ilə Rusiya arasında vasitəçilik edə bilməsi barədə onun fikirləri konkret müəyyən siyasi oriyentasiyaya yönəlmiş fikirlərdir:
“Prezident Administrasiyasının uzun müddət rəhbəri işləmiş V.Sərkisyanı həm Rusiya, həm də Qərb ikiqat agent hesab ediblər. V.Sərkisyan başa düşür ki, Ermənistan üçün NATO Rusiyanı qorxudan kötək kimi lazımdır. Ona görə NATO-nun adından danışır. Əvvəla, RF-NATO münasibətləri elə səviyyədədir ki, onların arasında ABŞ-dan başqa heç kim vasitəçilik edə bilməz. İkincisi, NATO 2008-ci ilin Buxarest sammitindən bu günədək Dağlıq Qarabağ münaqişəsini dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında tənzimlənməsini rəsmən dəstəkləyir.
Başqa sözlə, NATO Dağlıq Qarabağ məsələsində açıq, rəsmi şəkildə Ermənistana dəstək verməyib. NATO Ermənistana Qarabağ münaqişəsi kontekstində hərbi yardım etməyib və etməyəcək, siyasi bəyanatları da Ermənistanın əleyhinədir. Ermənistan NATO-dan əl çəkmirsə deməli, pərdə arxası gizli oyunlardan, məxfi məlumatların ötürülməsindən söhbət gedə bilər. Ona görə Ermənistanın prezidenti və nazirlərinin NATO-nun qapısında yatmasının mahiyyətini Rusiya tərəfi düzgün anlamalıdır”.
Politoloq bildirib ki, müdafiə naziri V.Sərkisyanın danışıqları içərisində ən böyük sarkazim və məntiqsizlik onun diaspor erməniləri ilə bağlı dedikləridir:
“V.Sərkisyan Ermənistanın diaspor ermənilərinin köməyindən ehtiyacının olmadığını bildirir, əksinə, Ermənistanın diaspor ermənilərinə kömək etmək gücündə olduğunu bildirir və Suriya ermənilərinə Ermənistanın etdiyi dəstəyi nümunə göstərir. Ermənistanın siyasətinin əsil mahiyyəti elə bax belədir: Suriya ermənilərini qaçqın kimi sənədləşdirməklə ABŞ və Avropadakı ermənilərin hesabına 30 milyon dollar yardım alan Ermənistan bunun 1-2 faizini Suriya ermənilərinə humanitar yardım formasında göndərdi. Yeri gəlmişkən, Ermənistana gələn Suriya erməniləri 20 min deyilirsə də, onlardan yalnız 2-3 min nəfəri Ermənistanda qalıb. Bu Ermənistan hökumətinin öz ermənilərinə qarşı əxlaqının nümayişi olunmaqla yanaşı, həm də beynəlxalq aləmi aldatdıqlarını, aşağıladıqlarının daha bir nümunəsidir.
O da nəzərə alınmalıdır ki, məhz Ermənistanın fəaliyyəti nəticəsində dünya erməniliyi xeyli zəifləyib və xeyli maliyyə itkilərinə məruz qalıblar. Ermənistanın hazırda dövlət və qeyri-dövlət borcu 8 milyard dollardır. Amma 1988-ci ildə SSRİ rəhbərliyinin və dünya ermənilərinin göndərdiyi pulların hesabına Ermənistanın xəzinəsində bu miqdarda artıq vəsait var idi”.
Vəziyyətdən çıxmaq üçün Ermənistan prezidenti Serj Sərkisyana böyük goplar lazım olduğunu deyən M.Əhmədoğlu bildirib ki, baş nazir K.Karapetyan diqqət çəkən yalanlar danışa, bəlağətli ritorika ilə məşğul ola bilirdi. Amma Ermənistanın vəziyyəti hədsiz sürətlə pisləşdiyindən görünür, K.Karapetyanın yalanları Ermənistanı vəziyyətdən çıxara bilməyəcək. Ona görə V.Sərkisyanın gopologiyası hələ ki, indiki dövr üçün rəqibsizdir; Bir çıxışında Lenindən tutmuş neoliberalizmədək hər şeyi əhatə edə bilir.
1news.az