İlham Əliyevin uğurlu Fransa səfəri və Ermənistana növbəti zərbə - FOTO
Məlum olduğu kimi, Prezident İlham Əliyev bu həftənin əvvəlində Fransada rəsmi səfərdə oldu.
Bir neçə gün davam edən səfər zamanı dövlətimizin başçısı Fransanın dövlət rəsmiləri ilə yanaşı, “Vivaction”, DCNS, “CIFAL”, “SUEZ”, “Credit Agricole SA”, “Airbus”, “Thales International”, “Total” kimi nüfuzlu şirkətlərlə, Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşlər keçirib, müxtəlif sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub.
Bir çox ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək.
Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir.
Fransanın siyasi rəhbərliyi, biznes dairələri də Azərbaycan Prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət veriblər. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri isə Fransanın biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir.
Təsadüfi deyil ki, hazırda Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu, Fransa-Azərbaycan iqtisadi əlaqələrinin uğurla inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin Azərbaycanda fəaliyyət göstərməyə marağını nümayiş etdirir.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkədə uzunmüddətli dayanıqlı inkişafa, ölkənin daha da müasirləşdirilməsinə nail olmaq imkanı verir.
Azərbaycanda əlverişli biznes və yüksək investisiya mühiti, ölkənin böyük inkişaf potensialı dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb edir.
Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıb.
XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir.
Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollanda birgə mətbuata bəyanatla çıxışı zamanı da bunu xüsus qeyd edib. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.
Dövlət başçısının sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.
Digər tərəfdən əlverişli coğrafi mövqeyə malik, Asiya və Avropanın arasında yerləşən və müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan regionun nəqliyyat qovşağına çevrilib.
Prezident İlham Əliyevin Fransaya səfəri zamanı zamanı müzakirə olunan əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi oldu. Fransa prezidenti Fransua Olland mövcud status-kvonun qəbuledilməz olduğunu bildirməklə yanaşı, danışıqların yenidən bərpa olunmasının, eləcə də Minsk qrupunun həmsədrləri kimi ABŞ və Rusiyanın da bu prosesə töhfə vermələrinin vacibliyini dilə gətirdi.
Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirdiyini qeyd etdi. Bir daha diqqətə çatdırdı ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin tərəfdarıdır. Azərbaycan istəyir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin.
Bundan başqa Prezident İlham Əliyev keçirdiyi görüşlərdə bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində risk altında, qanunsuz fəaliyyət göstərməsindən narahatlığını da diqqətə çatdırıb. Qeyd edib ki, həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər bu fəaliyyətlə bağlı riskləri göz altına almalı və belə fəaliyyətdən çəkinməlidirlər. Bəzi Fransa şirkətlərinin həmin ərazilərdə iş qurması Azərbaycanla Fransa arasında dost münaisbətlərinə uyğun olmadığı da vurğulanıb.
Göründüyü kimi, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından olduqca uğurlu bir səfər olmaqla yanaşı, Ermənistan rəhbərliyinin apardığı yalançı, işğalçılıq siyasətinə güclü bir zərbə oldu.
Ermənistan hakimiyyəti yararsız təbliğat aparmaq əvəzinə, diqqəti ölkədəki dəhşətli iqtisadi vəziyyətdə cəmləşdirsəydi, daha yaxşı olardı. Ermənistanı “innovasiyalar ölkəsi” kimi qələmə verən Serj Sarkisyanın iddiaları gülüş doğurur. Əgər Ermənistanda iqtisadi vəziyyət yaxşıdırsa, hansı səbəbdən ermənilər bu ölkədən baş götürüb qaçır?!
“Təəssüf ki, Minsk qrupu münaqişənin həlli ilə bağlı təcavüzkarı sülhə məcbur etmək, hətta danışıqlara məcbur etmək üçün özünü çox aciz aparır”.
Prezident İlham Əliyevin Fransaya səfəri və bir sıra şirkətlərlə keçirdiyi görüşü şərh edən millət vəkili Asim Mollazadə 1news.az-a bildirib ki, Prezidentin Fransaya səfərinin əsas məqsədi iki ölkə arasında münasibətlərin genişlənməsidir.
Onun sözlərinə görə, bu istiqamətdə bir neçə sahədə iqtisadi əməkdaşlığı təmin edən və Azərbaycan iqtisadiyyatının şaxələnməsinə dəstək verən Fransanın böyük şirkətləri ilə görüşlər aparılıb:
“Əminəm ki, Azərbaycan iqtisadiyyatında Fransa şirkətlərinin daha geniş iştirakı təmin olunacaq. Azərbaycan yeni informasiya texnologiyaları, nəqliyyat, gəmiçilik, hərbi-texniki və digər sahələrdə əməkdaşlıqda maraqlıdır. Bu da Azərbaycan üçün qeyr-neft sektorunun inkişafı baxımından zəruri amildir. Bununla yanaşı, iki ölkə arasında təhsil, siyasi və təhlükəsizlik sahələrində də əməkdaşlıq mövcuddur”.
Millət vəkili bildirib ki, səfərdə ən mühüm məqsəd isə Fransanın Minsk qrupunun həmsədri kimi Azərbaycan - Ermənistan münaqişəsində sülhə nail olmaq üçün bu prosesi gücləndirmək niyyətidir:
“Prezidentin səfəri Fransanın öz öhdəliyini yerinə yetirmək baxımından da mühüm məna kəsb edir”.
Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət verib. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri Fransanın biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir.
Fərid Ədalət